32 ildir “Mədəniyyət” adlı yolda...
Mədəniyyət həm də yoldur. Çünki konkret hədəfi var: insanı aydınlığa, işığa doğru aparır. Müstəqil Azərbaycanın yaşıdı olan “Mədəniyyət” qəzeti də 32 ildir yol gəlir. Mədəniyyət Nazirliyinin təsis etdiyi qəzetin mətbu yolu 1991-ci ilin 2 yanvar tarixindən başlayıb. Bu illər ərzində mədəniyyət çətiri altında bu sahənin müxtəlif istiqamətləri – teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, aşıq yaradıcılığı, habelə muzey, kitabxana işi və s. üzrə yeniliklərə işıq salmağa çalışıb. Dünya mədəniyyətinin mühüm olaylarını, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi məsələləri də diqqətdən kənar qoymayıb.
Qəzetimiz ötən illərdə müxtəlif formatlarda, ağ-qara və ya qismən rəngli şəkildə, fərqli dövriliklə nəşr olunub. 2018-ci ilin oktyabrından hazırkı formatda (B2 format, 8 səhifə, tam rəngli) həftədə iki dəfə oxucuların görüşünə gəlir. Bu, oxucularımızla 2000-ci görüşümüzdür.
Hər görüş həm də yenilik, dəyişiklik deməkdir. Qəzetimizdə 32 ildir ölkənin mədəni gündəmi, daha doğrusu, salnaməsi yazılır. Təəssüf ki, “Mədəniyyət” nəşr həyatının ilk illərində Vətənin çətin, sıxıntılı günlərini, ümidsiz dövrünü də işıqlandırmağa məcbur olmuşdu. Gənc respublikanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı müharibə mədəniyyət sahəsinə də dağıdıcı təsirini göstərmişdi.
Ancaq ulularımız demişkən, hər gecənin bir gündüzü var. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ümidsizlik yerini inama verdi. Dağıdıcı düşüncə qurucu qüvvə qarşısında yox oldu. Daxili sabitliyə, əmin-amanlığa daha çox möhtac olan mədəniyyət sahəsi də özünə gəlməyə başladı. “Mədəniyyət” qəzetinin də mövzu-mündəricəsi tədricən dəyişilməyə sarı yol aldı. Bütün çətinliklərə rəğmən gələcəyə inam, Heydər Əliyevin mədəniyyətə məxsusi və həssas münasibəti bu sahənin inkişaf üfüqlərini də genişləndirdi. Qəzetin səhifələri də mədəniyyət və incəsənətin müxtəlif sahələrindəki yeniləşmə, mədəni quruculuq mövzulu yazılarla zənginləşməyə başladı...
...Şanlı Zəfərlə bitən 2020-ci ilin 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa olundu. Həm milli tarixi yaddaşımız Qələbə ruhu ilə süsləndi, həm də ölkəmizin mədəniyyət coğrafiyası bütünləşdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində bu gün dövlətimizin daha parlaq gələcəyi adına əcdadlarımızın da ruhunun rahatlıq tapdığı, 50 milyondan artıq soydaşımızın qürur duyduğu tarixi addımlar atılır. Azərbaycan tək öz regionunda güc mərkəzi deyil, həm də beynəlxalq aləmdə sayılıb-seçilən, etibarlı tərəfdaş imici qazanmış dövlətə çevrilib.
Bütün bu tarixi-siyasi proseslər fonunda mədəniyyət sahəsinin də dövrün çağırışlarına, sürətli və sistemli inkişafımıza adekvat şəkildə öz missiyasını yerinə yetirməsi üçün dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı altında, yeni təfəkkür işığında addımlar atılır. Bu gün qəzetimiz həm də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışa şahidlik edir, onun salnaməsini yazır, otuzillik ayrılıqdan sonra mədəniyyətimizin yenidən əzəli yurd yerlərimizə qovuşmasını tərənnüm edir...
32 illik zaman kəsiyində qəzetin yazarından redaktoruna, dizaynerindən korrektoruna – ümumilikdə redaksiya kollektivinin tərkibi də dəyişib, çap maşınlarından keçib bəyaz kağız rulonlarının qəzet nüsxələrinə çevrildiyi məkanlar da...
Bu yerdə kollektivimizin üzvləri olmasalar da, bu qəzetin ərsəyə gəlməsində “son söz sahibi” olan çapçıların – “Azərbaycan” nəşriyyatının zəhmətkeş əməkdaşlarının əməyini də ayrıca qeyd etmək istərdik. Biz gecəyə doğru redaksiyanın işıqlarını söndürüb evə gedəndə onların iş vaxtı başlayır. Sabahın gün işığından öncə qəzetlər işıq üzü görsün deyə...
2000-ci saya çatınca redaksiyamızda neçə-neçə usta qələm sahibi çalışıb, əməkdaşlıq edib. Neçə-neçə gənc jurnalist burada təcrübə qazanıb, sonradan tanınmış imza sahibi olub. Bəli, bu illər ərzində çox şey dəyişib. Dəyişməyənsə yalnız dövlətimiz tərəfindən mədəniyyətə diqqət və qayğı, milli mədəni və mənəvi dəyərlərimizə sədaqət olub.
Mədəniyyət sonu görünməyən işıqlı bir yoldur. Onu yaradıb-yaşadan xalq var olduqca o işıq da yanacaq. “Mədəniyyət” qəzeti də həmin istiqamətə doğru – işığa sarı yol gedir. Həm də bu yolun hər qarışında iz qoya-qoya...
“Mədəniyyət”