Sakit Məmmədov Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib

 

17-21 aprel tarixlərində Özbəkistanda Beynəlxalq Təsviri və Tətbiqi Sənət Festivalı keçirilib. Özbəkistan Mədəniyyət və Turizm Nazirliyi, Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkil etdiyi festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, eləcə də Macarıstan, Cənubi Koreya, Rusiya, Belarus və digər ölkələrdən rəssamlar iştirak ediblər.

Azərbaycandan festivala Xalq rəssamları Sakit Məmmədov, Arif Əziz və tanınmış fırça ustası Fikrət İbrahimli qatılıb. Festivalın tədbirləri paytaxt Daşkəndlə yanaşı digər şəhərləri də əhatə edib.

Daşkənddə keçirilən açılış mərasimində TÜRKSOY-un baş katibi Sultan Raev Türk dünyasından, eləcə də müxtəlif ölkələrdən rəssamları bir araya gətirən festivalın əhəmiyyətini vurğulayıb. O, 21 aprelin Özbəkistanda “Rəssamlar Günü” kimi qeyd olunduğunu bildirərək bu münasibətlə də təbriklərini çatdırıb.

Özbəkistan Rəssamlıq Akademiyasının rektoru Akmal Nur deyib ki, ənənəvi festival bu il xüsusi önəm kəsb edir. Çünki ilk dəfə olaraq festivala TÜRKSOY tərəfindən də dəstək verilib. Təşkilatın üzvü olan ölkələrin rəssamları festivalda aktiv iştirak edirlər.

Festival çərçivəsində Daşkənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Macarıstandan olan rəssamların 100-ə yaxın əsərinin yer aldığı sərgi açılıb.

Həmçinin Türk dünyası rəssamlarının toplantısı keçirilib. Toplantıda Türk Dünyası Rəssamlıq Akademiyasının təsis olunması niyyəti elan edilib.

Tədbirdə rəssamlara TÜRKSOY-un sertifikatları və Özbəkistan Rəssamlıq Akademiyasının mükafatları təqdim olunub.

Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilənlər arasında Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov da var.

Rəssam festivala dəvətə və yaradıcılığına göstərilən diqqətə görə TÜRKSOY-un baş katibinə və Özbəkistan Rəssamlıq Akademiyasının prezidentinə təşəkkürünü bildirib. Özbəkistanın “Xalq sözü” qəzetində Sakit Məmmədovla geniş müsahibə də dərc olunub.