“Amil kimi bir qəhrəmanın həyat yoldaşı olduğum üçün fəxr edirəm...”

 

Torpaqlarımızın azadlığı uğrunda son damla qanlarına qədər döyüşərək canından keçən igidlərimizi oxucularımıza tanıtmaqda davam edirik. Bu dəfə 44 günlük Vətən müharibəsinin şəhid çavuşu Amil Hüseynovun həyat və döyüş yoluna nəzər salacağıq.

Amil Rasim oğlu Hüseynov 1986-cı il avqustun 16-da Füzuli rayonunun Əhmədalılar kəndində dünyaya göz açıb. 1993-cü ildə kənd ermənilər tərəfindən işğal ediləndən sonra ailəsi Bakı şəhərində Mədəni-Maarif Texnikumunun yataqxanasında məskunlaşıb. Amil orta təhsilini paytaxtdakı Ağdam rayon 36 nömrəli məktəbdə alıb.

Amil uşaqlıqdan bir gün torpaqlarımızı erməni işğalından azad edəcəyi hissi ilə böyüyüb, hərbçi olmaq arzusu ilə yaşayıb. Hələ kiçik yaşlarından vətənpərvərliyini həm də idman sahəsində qazandığı uğurlarla, məşğul olduğu karate üzrə yarışlarda ölkəmizi layiqincə təmsil etməklə göstərib.

Hərbi xidməti də maraqlı keçib. 2004-2006-cı illərdə beynəlxalq sülhməramlı ordunun tərkibində Kosovoda fəaliyyət göstərən Azərbaycan sülhməramlı kontingentində xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət mülki işlərdə işləyib. 2010-cu ildə Daxili Qoşunlarda xidmətə başlayıb, daha sonra Milli Ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə kəşfiyyatçı kimi fəaliyyət göstərib. 2012-ci ilin dekabr ayından 2013-cü ilin aprel ayına qədər Türkiyədə komando kursunu yüksək səviyyədə başa vurub. Beyləqanda və Füzulidəki N saylı hərbi hissələrdə xidmət edib. Xidməti dövründə fəxri fərman və mükafatlara layiq görülüb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Amil də Füzuli istiqamətində gedən döyüşlərə qatılıb. Torpaqlarımızın işğaldan azad olunmasında böyük şücaət göstərib. Oktyabrın 10-da döyüş əməliyyatı zamanı piyada əleyhinə minaya düşərək şəhadətə yüksəlib. Doğma Əhmədalılar kəndində torpağa tapşırılıb.

Şəhidin həyat yoldaşı, hazırda Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsini icra edən Xalisə Məmmədova bildirir ki, Amillə sonuncu dəfə 2020-ci il oktyabrın 5-də əlaqə saxlayıblar: “Ondan sonra əlaqəmiz kəsildi, biz ona görə çox narahat olduq. Qardaşım Vahid Silahlı Qüvvələrimizin giziridir. O da 44 gün boyunca torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Döyüşlər zamanı hər dəfə qardaşımdan Amili xəbər alırdım. Amil döyüşə Füzulinin Əbdürrəhmanlı kəndindən “40 metrlik” adlanan postdan başlayıb. Onların qrupundan 9 nəfər kəşfiyyatçı şəhid olub. Keçilməz deyilən “Ohanyan səddi”ni ilk dəfə Amilgilin qrupu yarıb. Amil Cəbrayılın Nüzgar kəndinin, Füzulinin Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Aşağı Əbdürrəhmanlı və bir sıra ərazilərin azad edilməsində şücaət göstərib. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, yaralanan və şəhid olan döyüşçü yoldaşlarını ərazidən çıxarıb”.

Amillə 2020-ci ilin iyul ayında ailə həyatı qurduqlarını deyən Xalisə xanım onunla həm bir kəndli, həm də qohum olduqlarını bildirir: “Ailə həyatımız cəmi 2 ay çəkdi. Amil o qədər diqqətli, məsuliyyətli, hər şeyin yerini bilən insan idi ki, onun haqqında nə qədər danışsam, usanmaram. Əksinə, onun adı çəkiləndə ruhən dincəlirəm, elə istəyirəm ki, hər kəs ondan danışsın. O, mənə sağ-salamat qayıdıb gələcəyinə söz vermişdi...”.

Ötən il Xalisə xanımın həyat yoldaşına və “Şuşa İli”nə həsr etdiyi “Zəfərin Amili” kitabı işıq üzü görüb. Kürdəmir RMİ-nin dəstəyi ilə ərsəyə gələn kitabın layihə rəhbəri idarənin rəisi Faiq Xudanlı, redaktoru Ramil Əhməddir: “Mən nə yazıçı, nə də ədəbiyyatçıyam. Sadəcə, 44 günlük Vətən müharibəsinin mənə hiss elətdirdiklərini qələmə almışam. Kitabda bir şəhid yoldaşının həyat mücadiləsinin çırpıntısı, müharibə dönəmində biz qadınların keçirdiyi qorxu və həyəcanı, eyni zamanda şəhid xəbəri alan qadınların qürur və kədər kimi qarışıq hisslərini əks etdirməyə çalışmışam. Ümid edirəm ki, istəyimə nail olmuşam. Bu kitab Amillə bizim əbədi sevgimiz, heç vaxt qüvvədən düşməyən nikah şəhadətnaməmiz və ölümsüz evliliyimizdir. Amilin yoxluğunda bu kitab mənim ən böyük təsəllim oldu. Amil kimi bir qəhrəmanın həyat yoldaşı olduğum üçün fəxr edirəm. Allah onun timsalında bütün şəhidlərimizin məqamını uca etsin”.

Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncamları ilə Amil Hüseynov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzuli, Xocavənd, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Füzuli rayonunda fəaliyyət göstərən B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəbi və F.Zalov adına Horadiz şəhər 3 saylı tam orta məktəbin sinif otaqlarına, o cümlədən, məzunu olduğu Ağdam rayon 36 nömrəli tam orta məktəbdə öz oxuduğu sinif otağına Amil Hüseynovun adı verilib. Bundan əlavə, Əhmədalılar kəndindəki orta məktəbin həyətində Amilin xatirəsinə bulaq inşa edilib.

Ruhu şad olsun.

Nurəddin