«İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm» konfransında iştirak edən xarici qonaqlar Azərbaycan Turizm İnstitutunda bir neçə görüşlər keçiriblər. ATİ-nin prorektoru Eldar Aslanovun bildirdiyinə görə, görüşlərdən biri Dünya Turizm Təşkilatının Tempus Fondunun icraçı direktoru Ömər Valderlə keçirilib. Söhbətin mövzusu ATİ-nin TETQUAL sertifikatı alması ilə bağlı olub. Bu sertifikatı Tempus Fondu verir. Qonaq institutun kollektivi üçün bir neçə təqdimat da keçirib.
   
   E.Aslanov bildirdi ki, TETQUAL sertifikatını almağın bir neçə əsas şərtləri var: «Bunlardan biri infrastrukturla bağlıdır. Məsələn, şərtlərə görə bu sənədi almaq istəyən ali təhsil ocağının kampusu (universitet şəhərciyi - red.) olmalıdır. Təqdimatdan məlum oldu ki, bu şərt artıq götürülüb. DTT-də hesab edirlər ki, ali məktəb üçün əsas şərt orada keyfiyyətli tədrisin olmasıdır. Buna görə də struktur məsələsi artıq nəzərə alınmır. Bu, bizim TETQUAL sertifikatını almaq şansımızı artırır”.
   Görüşdə müzakirə olunan digər məsələ Tempus Fondunun könüllülük xidməti ilə bağlı olub: “Rusdilli tələbələrimizin turizm marşrutları üzrə könüllü xidmət göstərməsi məsələsi nəzərdən keçirildi. Bununla bağlı gələcəkdə birgə treninqlərin təşkili barədə qərar verildi. Üçüncü məsələ Tempus Fondunun həyata keçirdiyi tədbirlərdə ATİ-nin təlim mərkəzi kimi çıxış etməsi ilə bağlı oldu. Bundan sonra Mərkəzi Asiya respublikaları ilə bağlı beynəlxalq turizm tədbirlərində Tempus Fondunun əsas tərəfdaşlarından biri kimi ATİ çıxış edəcək».
   Eldar Aslanovun sözlərinə görə, Dünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının prezidenti Rozalin Newlandla görüş də maraqlı olub. ATİ artıq 2 ilə yaxındır ki, turizm bələdçilərinin hazırlığı ilə məşğuldur. Yeni kadrların hazırlığı həm bakalavr mərhələsində, həm də təlim kursları vasitəsilə həyata keçirilir. Həmçinin artıq 1 ildir ki, Bələdçilərin Attestasiya Komissiyası fəaliyyət göstərir: “Bu işin keyfiyyətini daha da artırmaq və beynəlxalq standartlara qaldırmaq üçün Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə qərara gəldik ki, beynəlxalq bələdçi kursları təşkil edək. Kurslar 3 mərhələdən ibarətdir. Kursun keçirilməsində əsas tərəfdaşımız isə Dünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasıdır. Bizdə təlimləri bu qurumun təlimçiləri gəlib keçirdilər. Artıq ilk kursu keçirmişik, 11 nəfər HOT-1 təliminin sertifikatını alıb. Bu yaxınlarda növbəti qrupa təlimlərin keçirilməsi planlaşdırılır. Bundan sonra bu kursları keçmiş bələdçilər içərisindən təlimçi-bələdçiləri müəyyənləşdirəcəyik. Həmin şəxslər növbəti mərhələlərdə təşkil etdiyimiz kurslarda müəllim kimi iştirak edəcəklər. Xanım Rozalin Newlandla bununla bağlı müzakirələr apardıq. Qərara gəldik ki, oktyabrın axırı-noyabrın əvvəllərində inteqrasiya olunmuş HOT-2 təlimçilər üçün təlim kurslarını Bakıda keçirək və bu işə ölkəmizdə fəaliyyət göstərən təcrübəli bələdçiləri cəlb edək».
   Xanım Newlandla görüşdə müzakirə edilən ikinci məsələ Azərbaycanda turizm bələdçi assosiasiyasının yaradılması məsələsi olub: “Lakin bu assosiasiya yaradılana qədər bizim bələdçilər fərdi qaydada da Dünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasına üzv ola bilərlər. Həmçinin ATİ də bələdçi kadrları hazırlayan ali məktəb kimi həmin quruma üzv ola bilər».

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar