Fəlakət qurbanlarının sayı isə 50 min 783 nəfərə çatıb...

 

Türkiyədə fevralın 6-da baş vermiş zəlzələlərin dağıdıcı fəsadlarının aradan qaldırılması üzrə əməliyyatlarda iştirak etmiş 55 min yerli və əcnəbi xilasedici dövlət tərəfindən təltif ediləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə aprelin 25-də axtarış-xilasetmə dəstələrinin xüsusi fədakarlıq göstərmiş əməkdaşların bir qrupunun təltifetmə mərasimində deyib.

Ankaradakı Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə təltif olunanlar arasında Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi gizir İsgəndərov Elvin Xaqani oğlu da var. Ona “Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı” təqdim olunub.

Faciənin miqyası və ölkənin zərər görmüş bölgələrinin bərpası üzrə görülən işlərdən bəhs edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, son hesablamalara görə, fevral zəlzələsi zamanı 872 min yaşayış binası zərər görüb. 311 min bina yararsız vəziyyətə düşüb. Çökən 57 min binadan 50 mininin dağıntıları təmizlənib. Fəlakət zonasında 321 məntəqədə 781 500 çadır və 77 min mobil evlər quraşdırılıb.

Türkiyə Prezidenti qeyd edib ki, fəlakət zonasında 113 min yaşayış binasından 47 mininin təməli qoyulub, artıq tikinti işlərinə start verilib.

Qeyd edək ki, Türkiyədə fevral zəlzələlərində ölənlərin sayı 50 min 783 nəfərə çatıb. Bu rəqəmi ölkənin daxili işlər naziri Süleyman Soylu aprelin 23-də açıqlayıb.