Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında qardaş ölkənin dövlət bayramı, 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı qeyd edilib.
Baş konsul Recep Öztop bildirib ki, bu bayram Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. Türkiyənin hər yerində olduğu kimi, Azərbaycanın da bölgələrində, o cümlədən Gəncə şəhərində bu bayram böyük coşqu ilə qeyd olunur.
Digər çıxışlarda Türkiyə və Azərbaycan arasında qardaşlığın tarixi köklərə söykəndiyi bildirilib.
Daha sonra konsert proqramı təqdim olunub. Gəncə şəhər Uşaq incəsənət məktəbinin “Xəmsə” zərb alətləri ansamblı, “Gəncə qönçələri” rəqs ansamblı, Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” uşaq rəqs ansamblı, Uşaq-gənclər inkişaf mərkəzi, Gəncə uşaq evinin və şəhərin ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin çıxışları alqışlarla qarşılanıb.
Baş konsulluq tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.
Xatırladaq ki, 1920-ci il aprelin 23-ü Türkiyə Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyinin elan edildiyi tarixdir. Cümhuriyyətin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprelin bayram edilməsi haqqında qərar imzalayıb. 1929-cu ildən etibarən Türkiyədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı qeyd olunmağa başlanıb.