Beynəlxalq konfrans region ölkələrində turizm sənayesinə töhfə oldu
   
   Xəbər verdiyimiz kimi, sentyabrın 6-7-də Bakıdakı “Jumeirah Bilgah Beach Hotel”də “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfrans keçirildi.
   
   Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı və Azərbaycan Turizm Assosiasiyası tərəfindən təşkil edilən konfransın ikinci günü “İpək Yolu qlobal səyahət mediasında” və “Rəqəmsal dövr: sosial media və səyahət” mövzularında dəyirmi masalar, Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mətbəxlərinin təqdimatı və ustad dərsləri oldu.
   Sentyabrın 7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai beynəlxalq konfransın yekunlarına dair mətbuat konfransı keçirdilər.
   
   Azərbaycanla Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın nümunəsi
   
   Konfransın çox maraqlı müzakirələrlə yadda qaldığını vurğulayan nazir Ə.Qarayev tədbirin ümumilikdə İpək Yolu ölkələrində turizm sənayesinin inkişafına töhfə olduğunu dedi. Qeyd olundu ki, tədbir Azərbaycanla Dünya Turizm Təşkilatı arasında səmərəli əməkdaşlığa bariz nümunədir: “Konfransın strategiyası, dəyərli qonaqların dəvəti, tədbirin xarici kütləvi informasiya vasitələrində işıqlandırılması və s. kimi məsələlər Dünya Turizm Təşkilatı tərəfindən həyata keçirilib. Bu faktın özü belə bir nüfuzlu turizm qurumunun ölkəmizə diqqətindən xəbər verir. Bundan sonra da Azərbaycanın DTT ilə əlaqələri çox yüksək səviyyədə davam edəcək. Azərbaycan təşkilatın tövsiyə və məsləhətlərini həmişə nəzərə alıb”.
   Nazir bildirdi ki, konfrans çərçivəsində ölkəmizə gələn xarici media vasitələri nümayəndələrinin regionlara - Lerik-Lənkəran, Naxçıvan və Naftalana səfərləri təşkil edilib: “Biz bu istiqamətləri xüsusi olaraq seçmişik. Azərbaycana gələn turistlərin əksəriyyəti İpək Yolunun üzərində yerləşən Şəki-Zaqatala-İsmayıllı və Şəmkir-Gədəbəy-Qazax istiqamətində gedirlər. Amma Naftalan da Azərbaycanın çox vacib bir turizm istiqamətidir. Onu beynəlxalq miqyasda tanıtmaq lazımdır. Lənkəran-Lerik öz mətbəxinə görə tanınan bir yerdir. Naxçıvanda son illər turizmin inkişafı istiqamətində vacib layihələr həyata keçirilir. Tarixi abidələr bərpa edilir, beynəlxalq konfranslar reallaşdırılır, yeni turizm mərkəzləri açılır. Ona görə də beynəlxalq səviyyədə biz bunu təbliğ etməliyik. Nəzərə alsaq ki, 2018-ci ildə Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” olacaq, bu, bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ümid edirəm ki, xarici media nümayəndələri səfər etdikləri hər üç bölgənin turizm potensialını, mətbəx mədəniyyətini əyani olaraq qiymətləndirə biləcəklər”.
   Əbülfəs Qarayev son dövrlərdə ermənilər tərəfindən xarici turistlərin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfərlərinin təşkili ilə bağlı suala cavabında bildirdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir: “Ermənistan tərəfindən işğal olunan torpaqlar bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi qəbul olunur. Birləşmiş Millətlər Təşkilatının bununla bağlı qətnamələri var. Dünya Turizm Təşkilatı BMT-nin xüsusiləşdirilmiş təşkilatıdır. Ona görə də bu gün ermənilər tərəfindən aldadılaraq Dağlıq Qarabağa dəvət olunan adamlar nə hər hansı bir formada qeydiyyata alınır, nə beynəlxalq təşkilatlar tərəfindən tanınır, nə də onların təhlükəsizliyi kimsə tərəfindən təmin olunur».
   Nazir Azərbaycanın mətbəx mədəniyyətinin tərkib hissəsi olan Qarabağ mətbəxinin təbliği sahəsində də işlər görüldüyünü nəzərə çatdırdı, Azərbaycan Milli Kulinariya Mərkəzinin bu sahədə səmərəli fəaliyyət göstərdiyini dedi.
   
   Azərbaycanda turizmin inkişafı üçün imkanlardan səmərəli istifadə edilir
   
   BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirdi ki, qurum Azərbaycanla əlaqələrə mühüm önəm verir: “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” konfransının keçirilməsi üçün məhz Azərbaycanın seçilməsi də təsadüfi deyil. Azərbaycan turizm sahəsində uğurla inkişaf edir. Burada istər turizmin, istərsə də digər sahələrin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu imkanlardan səmərəli istifadə edilir».
   DTT-nin baş katibi İpək Yolu üzərində yerləşən ölkələr arasında viza sadələşdirilməsi ilə bağlı konfransda səsləndirilən məsələyə də aydınlıq gətirdi və bu təklifin reallaşdırılmasının əhəmiyyətini vurğuladı: «Bu, bizimlə bağlı məsələ olmadığından qərar vermək çətindir. Amma tövsiyə edərdik ki, bu məsələni hər bir ölkə öz qanunvericiliyinə uyğun olaraq lazımi səviyyədə dəyərləndirsin. Əgər sözügedən təklif həyata keçirilirsə, o zaman Yaponiyadan Portuqaliyayadək bütün ölkələr arasında vizalar sadələşdiriləcək, bu da turizmin inkişafına böyük töhfələr verəcək».

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar