Siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi və yeni məzmunla zənginləşməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın İsraildə ticarət və turizm nümayəndəliklərinin açılmasının, bu il isə səfirliyinin fəaliyyətə başlamasının dövlətlərarası münasibətlərimizin daha da inkişafına vüsət verəcəyinə əminəm.

Bu fikirlər Prezident İlham Əliyevin İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə Prezident İsxak Hersoqa ünvanlandığı təbrik məktubunda vurğulanır. 

Məktubda qeyd olunur ki, ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər qazanıb və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alıb. Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır.

“İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının böyük potensialından daha dolğun istifadə etmək üçün qarşılıqlı səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, – deyə məktubda bildirilir.