Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Bakı Bələdiyyə Teatrının iştirakı ilə “Heydər Əliyev İli” çərçivəsində Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun “Ana tarla” povestinin motivləri əsasında tamaşa hazırlanıb. Ədibin 95 illiyi münasibətilə ərsəyə gələn tamaşanın premyerası aprelin 26-da olacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Fond tərəfindən bu səhnə əsərinin premyerasının təşkili Ulu öndər Heydər Əliyevin türk dövlətlərinin ədəbi şəxsiyyətlərinə, onların yaradıcılıqlarına verdiyi önəmə, müasiri olduğu yazıçılarla, o cümlədən qırğız xalqının böyük ədibi Çingiz Aytmatovla doğma münasibətinə ithaf edilib.
Layihə həmçinin təşkilatın qurucu üzv ölkələri olan Azərbaycan və Qırğızıstanın mədəni əlaqələrinin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə 2018-ci ildə Azərbaycanda Çingiz Aytmatovun 90 illik yubileyi qeyd olunmuş, ədibin “Cəmilə” povesti əsasında qırğız sənətçilər tərəfindən hazırlanmış tamaşa nümayiş etdirilmişdi.