İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) aprelin 24-də qeyd edilən “Sülh naminə Beynəlxalq Multilateralizm və Diplomatiya Günü” münasibətilə bəyanat yayıb.

Bəyanatda ICESCO-nun bütün dünyada sülhün əldə edilməsi, təhlükəsiz və firavan cəmiyyətlərdə yaşamağa töhfə vermək üçün birgəyaşayış dəyərlərini möhkəmləndirmək və mədəni müxtəlifliyi qəbul etmək məqsədilə çoxtərəfli diplomatiyanın təşviqinə sadiqliyi bir daha təsdiq olunub: “Bu kontekstdə təşkilatımız beynəlxalq tərəfdaşları ilə təhsil, elm, texnologiya, mədəniyyət, sivilizasiyalararası dialoq, gənclərin inkişafı və qadınların ixtisası sahələrində ictimai birliyin və həmrəylik dəyərlərinin gücləndirilməsinə töhfə vermək üçün digər beynəlxalq qurumlarla birgə fəaliyyət və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayır. Biz müxtəlif ölkələrlə konstruktiv və maddi tərəfdaşlıq yolu ilə cəmiyyətlərin inkişafına səy göstəririk”.

Bəyanatda vurğulanır ki, ICESCO tərəfindən qarşılıqlı hörmət, dialoq və birgəyaşayış dəyərlərinin təşviqi üzrə öz missiyasına və gələcəyə baxışına nail olmaq üçün Birləşmiş Millətlər Təşkilatının prinsip və razılaşmalarına uyğun olan praktik təşəbbüslər, proqramlar, layihələr irəli sürülüb və həyata keçirilir. Təşkilat həmçinin mədəni müxtəlifliyi cəmiyyətin birliyinə nail olmaq üçün stimula çevirmək məqsədilə diplomatiyanı təşviq edir.

Multilateralizm son illər beynəlxalq müstəvidə aktuallıq qazanan termindir. Hər bir ölkəyə bütün tərəfdaşlarla münasibətlərdə imtiyaz imkanı verən beynəlxalq iqtisadi əlaqələr sistemini ehtiva edir.