Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyev İli”nə həsr olunmuş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində görkəmli yazıçı, ədəbiyyatşünas-alim və pedaqoq, professor Mir Cəlal Paşayevin (1908-1978) 115 illik yubileyi münasibətilə "Gəlin, birgə oxuyaq" adlı tədbir keçirilib.

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən mərkəzin direktoru Adilə Abdullayeva layihə haqqında məlumat verib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan dilçiliyi kafedrasının professoru Həcər Hüseynova Mir Cəlalın elmi, pedaqoji və ədəbi yaradıcılığı haqqında söz açıb, yazıçının aforizmlərini səsləndirib. O, eyni zamanda görkəmli alimə həsr etdiyi "Mir Cəlalın hikmətli kəlamları", "Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri" (iki cilddə), "Mir Cəlalın aforizmləri" kitablarını UNEC Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə edib.

Dosent Aynur Paşayeva milli nəsrin zənginləşməsində xüsusi rolu olan Mir Cəlalın nüfuzlu alim, yorulmaz pedaqoq, unudulmaz müəllim, humanist insan kimi həyat cizgilərindən maraqlı məqamları diqqətə çatdırıb.

Sonra universitetin Yaradıcılıq Mərkəzindəki bədii qiraət dərnəyinin üzvləri Əlizamin Əhmədov, Nihat İskəndərli, Rəvan Əliyevin ifasında ədibin “Dənizin cinayəti” şeiri, “Ramazan həsrəti” felyetonu və “İclas qurusu” hekayəsi səsləndirilib.