İspaniyanın cənub-şərqində, İberiyada qədim Kartaxena şəhərinin əsası eramızdan əvvəl 227-ci ildə qoyulub. Aralıq dənizi sahilindəki şəhər Roma imperatorluğunun dövlət və hərbi xadimi Stsipion tərəfindən salınıb.
Tədqiqatçılar qrupu Mursiya muxtar icması ərazisində yerləşən Kartaxenada qədim Roma teatrının dəhlizini bəzəyən divar rəsminin fraqmentlərinə rast gəliblər.
Eramızdan əvvəl V-I əsrlər arasında qədim romalılar burada kütləvi tamaşalar və mərasimlər üçün 7 min tamaşaçı üçün monumental teatr tikiblər. Teatr imperator Oktavian Avqustun nəvələri Qay Sezar və Lutsi Sezara həsr edilib.
Teatrın özü 1988-ci ildə Regional Sənətkarlıq Mərkəzinin tikintisi zamanı aşkar olunub. Sonradan burada arxeoloji tədqiqatlar başlanıb və tikilinin bərpa edilərək açıq səma altında muzeyə çevrilməsinə qərar verilib.
Bu yaxınlarda tədqiqatçılar qrupu tərəfindən böyük divar rəsminin 2 mindən çox fraqmenti tapılıb. Əvvəllər aşkar edilmiş 1500 fraqmentə yeni elementlər əlavə olunub ki, bu da tədqiqatçılara rəsmin orijinal formasına qaytarılması prosesini daha dəqiqliklə davam etdirməyə imkan verib.
Bərpa prosesi hələ ilkin mərhələdədir, lakin rəsmdə bədii xüsusiyyətlərə əlavə olaraq Roma fiqurları da görünməyə başlayır.