Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisi aprelin 11-də “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun qəbul edib. Qanun aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunaraq qüvvəyə minib.

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun  2-ci maddəsinə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə bağlı yeni hissə əlavə edilib.

Sözügedən qanunla “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” də təsdiq edilib.

Əsasnamədə qeyd olunur ki, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı Azərbaycan vətəndaşlarına və əcnəbilərə Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə; Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə; azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə; sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə; Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə; Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə; dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə verilir.

Həmçinin yubiley medalının təsviri təsdiq edilib.