Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli istehsal olan ilk qırıcı təyyarənin adını açıqlayıb.
Mayın 1-də Ankaranın Kahramankazan rayonundakı TUSAŞ aerokosmik mərkəzində çıxış edən dövlət başçısı müasir layihələrin həyata keçirilməsi sayəsində Türkiyənin müdafiə sənayesinin bütün sahələrində – dənizdə, quruda və havada təmsil olunmasının qürur mənbəyi olduğunu qeyd edib.
Tədbir çərçivəsində Türkiyənin aviasiya sənayesinin son nailiyyətləri, o cümlədən HÜRJET təyyarəsi, ATAK-2 helikopteri, zərbəçi ANKA-3 uçan pilotsuz aparatı və beşinci nəsil qırıcı təyyarəsi nümayiş olunub. Ərdoğan bildirib ki, Türkiyənin qırıcı təyyarəsi KAAN adlanacaq. O qeyd edib ki, KAAN yaxın beş ildə səmaya qalxacaq və Türkiyə Hərbi-Hava Qüvvələrinin (HHQ) sərəncamına veriləcək. “KAAN-ın istifadəyə verilməsi ilə Türkiyə beşinci nəsil qırıcı təyyarə istehsal edən ilk beş ölkənin sırasına daxil olacaq.
Türkiyənin MMU (digər adı TF-X/ Turkish Fighter Experimental) perspektivli beşinci nəsil qırıcı təyyarəsi bu ölkədə texnologiyanın inkişafı sahəsində mühüm layihə sayılır və “Türk Havacılık ve Uzay Sanayi AŞ” (TUSAŞ) aerokosmik kompaniyası tərəfindən həyata keçirilir.
Onun dizaynının ilk variantları hələ 2013-cü ilin mayında İstanbulda beynəlxalq sərgidə təqdim olunub. İlkin hesablamalara görə, təyyarənin hazırlanması proqramı 10 milyard dollara başa gələcək.
İstehsalçı kompaniyanın planlarına əsasən, təyyarənin ilk uçuşları 2025-2026-cı illərdə yerinə yetiriləcək. 2028-ci ildən sonra qırıcı təyyarələr Türkiyə HHQ arsenalına daxil ediləcək.
Türkiyənin Milli Müdafiə Nazirliyində hesab edirlər ki, yerli təyyarələr 2030-cu ildə HHQ-nin istismarından çıxarılacaq Amerika istehsalı olan F-16 qırıcılarını əvəz edəcək.