Ölkəmizdə yaşı bir əsrdən çox olan, zəngin fəaliyyət yolu keçmiş kitabxanalar var. Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki Respublika Elmi-Texniki Kitabxanası (RETK) onlardan biridir. Paytaxtın Mərdanov qardaşları küçəsi 124 ünvanında yerləşir. Kitabxananın tarixi, fondu və fəaliyyəti ilə yerində tanış olduq.

RETK 1920-ci ildə “Neftçilər” klubunun kitabxanası kimi yaradılıb və 1930-cu ilədək ancaq klubun üzvlərinə xidmət edib. Həmin dövrdə kitabxananın cəmi 450 nüsxə kitab fondu və 300-dək oxucusu olub. 30-cu illərdə texniki ədəbiyyata tələbat artdığına görə bu sahə ilə bağlı kitabxanaların yaradılması zərurəti də meydana çıxmışdı. 1930-cu ildə “Neftçilər” klubunun kitabxanası əsasında Azneft Mərkəzi Elmi və Texniki Kitabxanası və ya İstinad Kitabxanası yaradılıb. 1957-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin tabeliyində Respublika Elmi-Texniki Kitabxanasına çevrilib. 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin, 2001-ci ildən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərib.

RETK 2018-ci ilin 30 iyul tarixindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyətini davam etdirir.

 

Ümumi fondda 14 milyona yaxın çap nüsxəsi saxlanılır

 

İnformasiya resursları üzrə direktor müavini Ləman Xələfova bildirdi ki, kitabxana ənənəvi formada oxuculara xidmət edir. Hazırda kitabxananın 14 milyona yaxın çap nüsxəsi olan ümumi fondu var. Kitabxana fondunu oxucu sorğusu və günün tələblərinə uyğun sırf elmi-texniki ədəbiyyatlarla zənginləşdirilir. Fond müxtəlif dövlət müəssisələrindən, nəşriyyatlardan, şirkətlərdən, kitab mağazaları, müəllif və oxucular tərəfindən verilən kitablar hesabına komplektləşdirilir. 14 şöbəsi, 5 bölməsi, 1 oxu zalı olan kitabxananın Gəncə şəhərində filialı da fəaliyyət göstərir.

 

Ən qədim kitabın 145 yaşı var

 

Kitabxanada marağımızı cəlb edən “Nadir nüsxələr fondu” oldu. Burada 3621 nüsxə ədəbiyyat saxlanılır. Fonda daxil olan ədəbiyyat əsasən 1878-1940-cı illəri əhatə edir. Bunların əsas hissəsi neft sahəsi, eləcə də memarlıq, inşaat, riyaziyyat, fizika, kimya, elm və texnikanın digər sahələri üzrə ədəbiyyat və ensiklopedik lüğətlərdən ibarətdir. Fondda qorunan ən qədim nəşr 1878-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində çapdan çıxan “Türküstan diyarının geoloji materialları” (rus dilində) kitabıdır.

Qeyd edək ki, 1884-cü ildə Bakı neft sənayeçilərinin birinci qurultayında Bakı Neft Sənayeçiləri Qurultayı Şurası (BNSQŞ) seçilib. Şura Rusiya burjuaziyasının ilk sahibkar təşkilatlarından biri idi. 1898-ci ildə şura ilk nəşrini – “Neftyanoe delo” (“Neft işi”) jurnalını təsis edib. Jurnalın ilk sayı rus dilində 1899-cu ilin yanvarında işıq üzü görüb. RETK-nin “Nadir nüsxələr fond”unda bu jurnalın bütün nömrələri saxlanılır.

“Neft işi” jurnalı neft sənayesinin nailiyyətləri və problemlərini işıqlandıran dünyada ilk sahəvi nəşrlərdən idi. Azərbaycanın sovetləşməsindən sonra, 1920-ci ilin may ayında “Azərbaycan neft təsərrüfatı” adlandırılıb. Jurnalda neft sənayesi haqqında qəbul edilən qanun və qərarlar, neft işinin xronologiyası (quyuların qazılması, neftin hasilatı, emal edilməsi, neft məhsullarının ticarəti), statistika, neft sənayesi şirkətlərinin hesabatları və digər məlumatlar dərc olunub.

Bundan əlavə, “Nadir nüsxələr fondun”da neft sənayeçiləri qurultaylarının “Trudı” və “Obzor” kitab-topluları qorunur. Bu nəşrlərin hər birində Abşeron yarımadasının neftli torpaqlarının plan və xəritələri (Balaxanı, Bibiheybət, Ramana, Qala), neft quyularının hasilatı, aylıq, illik göstəriciləri cədvəllərlə, diaqramlarla təqdim olunub. Maraqlısı odur ki, 140 ilə yaxın müddət keçməsinə baxmayaraq, plan, xəritə və diaqramlarda istifadə edilən rənglər hələ də solmayıb.

***

L.Xələfova bildirir ki, RETK-də mütəmadi olaraq bayramlara, əlamətdar günlərə, elm və texnikanın müxtəlif sahələrinə həsr olunmuş tədbirlər keçirilir. “Heydər Əliyev İli” münasibətilə kitabxanada Ulu öndərin 100 illiyi ilə bağlı müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Son zamanlar RETK tərəfindən müxtəlif kitab sərgiləri, o cümlədən səyyar sərgilər də keçirilir. 2022-ci il 5-9 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində kitabxananın “Nadir nüsxələr fond”una daxil olan ədəbiyyatlar da nümayiş etdirilib.

Müsahibim deyir ki, belə tədbir və sərgilərdə iştirak kitabxananın oxucu sayının artmasına öz təsirini göstərir: “Elm adamları, mütəxəssislər, tələbələr və digər maraqlanan şəxslər kitabxananın xidmətlərindən yararlana bilərlər. Bu kitablar xalqımızın sərvəti, “qara qızıl”ımızın həqiqi tarixidir”.

Bu kitablarla tanış olduqca sanki keçən əsrə, oradan da XIX yüzilliyə səyahət edir, o dövrün elmi-texniki yeniliklərini vərəqləmiş olursan.

 

Kitablar PDF formatına köçürülür

 

Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsinin işi ilə maraqlanırıq. Müsahibim qeyd edir ki, şöbənin qarşısında duran əsas vəzifələrdən biri toplanan informasiyanın sürətlə axtarılmasında və seçilməsində müasir texnologiyalardan istifadə etməkdir. 2016-cı ildən şöbədə “IRBIS-64” sistemi tətbiq edilir. Bu sistem fərdi verilənlər bazasını yaratmağa, informasiya massivində tammətnli axtarışın təşkilinə və ən əsası mövcud materiallara lokal şəbəkə və s. vasitəsilə girişin təmin olunmasına imkan yaradır. Mikrofilmləşdirmə və rəqəmsallaşdırılması bölməsi fondda olan nadir nüsxə, neft sahəsi, yeni və retro kitabların surəti çıxarılaraq PDF formatında kompüterə yerləşdirilməsini təmin edir. Bu da oxucuların gələcəkdə müvafiq ədəbiyyatlardan istifadəsini asanlaşdıracaq.

 

10-dək ölkənin kitabxanaları ilə əməkdaşlıq

 

Onu da öyrənirik ki, RETK M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, müvafiq sahələr üzrə ali məktəblərin kitabxanaları ilə əməkdaşlıq edir. Eyni zamanda bir sıra ölkələrin kitabxanaları ilə əməkdaşlıq əlaqələri qurulub. Bunlara nümunə kimi Qazaxıstan, Özbəkistan, Latviya, Litva, Belarus, Gürcüstan, Tacikistan, Rusiya, Türkiyə və s. ölkələrin kitabxanalarını göstərmək olar.

Sonda qeyd edək ki, həftənin beş günü (I-V günlər) oxuculara xidmət edən kitabxananın  internet səhifəsi (https://retk.copat.gov.az) və sosial media hesabları da fəaliyyət göstərir.

N.Məmmədli