2023-cü ildə Qazaxıstanla Azərbaycan arasında mədəniyyət sahəsində bir sıra tədbirlər nəzərdə tutulub. Bu barədə mayın 3-də Astanada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşdə Qazaxıstanın mədəniyyət və idman naziri Asxat Oralov bildirib.
Görüşdə birgə mədəni tədbirlərin keçirilməsi müzakirə olunub. Asxat Oralov hər iki dövlət başçısının mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsini dəstəklədiklərini qeyd edərək deyib: “Qədim türk yazılarına həsr olunan sərginin təşkili barədə məsələ üzərində iş gedir. Bu, bizim ortaq mədəniyyətimiz haqqında çox şey öyrənmək və türk sivilizasiyasının tarixi ilə maraqlananları bu sərgi ilə tanış etmək üçün yaxşı fürsətdir”.
Asxat Oralov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini təqdir edərək təşkilatın Qazaxıstanın zəngin tarixi və mədəni irsinin təbliği yönündə layihələrini dəstəkləməyə hazır olduqlarını bildirib.
“Biz Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və digər istiqamətlər üzrə də Azərbaycan və digər türk ölkələri ilə mədəni əlaqələri möhkəmlətmək niyyətindəyik. Bu il Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri keçirməyi planlaşdırırıq. Artistlərimiz və yaradıcı kollektivlər səbirsizliklə bu fürsəti gözləyirlər”, – deyə o əlavə edib.
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələrdən, həmçinin Azərbaycanda Qazaxıstana aid hazırlanan tədbirlərdən söhbət açıb. O, qazax xalqının görkəmli şair və mütəfəkkiri Abay Kunanbayevin, tanınmış dastançı Jambul Jabayevin irsinin tanıdılması yönündə təşkilatın müxtəlif ölkələrdə apardığı işləri diqqətə çatdırıb. Fond tərəfindən Abay Kunanbayevlə bağlı yeni kitabın hazırlandığı diqqətə çatdırılıb.
Fondla Qazaxıstanın əməkdaşlığı çərçivəsində “Otırar” beynəlxalq sənətkarlar sərgisinin və “Türk xalqlarının mənəvi dəyərləri və mədəni irsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsinə dair müzakirələr aparılıb.