Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi onun ideya və arzularının gerçəkləşdiyi, tövsiyə və vəsiyyətlərinin yerinə yetirildiyi tarixi şəraitdə keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında qeyd edildiyi kimi, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu sözləri mayın 2-də Heydər Əliyev Sarayında vaxtilə Ulu öndərin qayğısı ilə respublikamızdan kənarda ali təhsil almış mütəxəssislərin toplantısında çıxışı zamanı deyib.
1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olduğunu xatırladan Ə.Əsədov deyib: “O illərdə belə nüfuzlu ali məktəblərə qəbul olmaq biz gənclər üçün böyük şərəf idi. Bu istiqamətdə atılan addımların hansı qlobal məqsədə xidmət etdiyi barədə təsəvvürümüz olmasa da, üzərimizə düşən məsuliyyəti – Azərbaycan üçün gərəkli mütəxəssis kimi yetişməyin əhəmiyyətini dərk edir, respublika rəhbərinin xeyir-duasından daha da ruhlanırdıq. İllər sonra Ulu öndər özü etiraf edirdi ki, bu uzaqgörən strategiyanın məqsədi bir çox ixtisaslar üzrə milli kadrların hazırlanması ilə yanaşı, həm də Azərbaycan gənclərinin dünyagörüşlərinin genişləndirilməsi idi. Bugünkü toplantının iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində fəaliyyət göstərən insanlardır. Hər birimiz böyük həyat yolu keçərək şəxsiyyət kimi formalaşmışıq, müxtəlif peşələrə yiyələnmişik, müxtəlif vəzifələr tutmuşuq. Lakin bizi birləşdirən mühüm bir faktor var – əksəriyyətimiz Ulu öndərin böyük diqqət və qayğısı nəticəsində Azərbaycandan kənarda ali təhsil almaq şərəfinə nail olmuşuq. Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq”.
Baş nazir vurğulayıb ki, Ulu öndərin bu siyasəti davam edir, bu gün elm və təhsil ölkəmizin dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən biridir. Prezident İlhаm Əliyеv tərəfindən təsdiq edilən “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 32 ölkənin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gənc xaricə göndərilib və onlara təqaüd verilib. Prezidentin 2022-ci il 28 fevral tarixli sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramın icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərin xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.
Toplantıda daha sonra Moskva Dövlət Universitetinin 1975-ci il məzunu, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Moskva Dövlət Universitetinin 1980-ci il məzunu, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Moskva Dövlət Universitetinin 1973-cü il məzunu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, Leninqrad Dövlət Universitetinin 1986-cı il məzunu, Milli Məclisin komitə sədri Səməd Seyidov, Moskva Dövlət Universitetinin 1975-ci il məzunu, Almaniyanın Münxen şəhərində “Holmholtz” Elmi Tədqiqat Mərkəzində şöbə müdiri, Əməkdar elm xadimi Məsud Əfəndiyev, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun 1982-ci il məzunu, Əməkdar incəsənət xadimi Ayaz Salayev, Moskva Dövlət Universitetinin 1983-cü il məzunu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin üzvü Gülşən Paşayeva və başqaları çıxış ediblər.
Qeyd olunub ki, hələ sovet hakimiyyəti illərində Ulu öndərin təşəbbüsü ilə sosial-iqtisadi və mədəni sahələrdə həyata keçirilən tədbirlər, qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynayıb. Bildirilib ki, əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə 50-dən az adam göndərilirdisə, 1973-cü ildə onların sayı 140-dan artıq, 1974-cü ildə 357, 1975-ci ildə 700-ə yaxın və 1976-cı ildən başlayaraq 800-900 nəfərə çatdırıldı. 1980-ci illərin əvvəllərindən isə 1000-dək Azərbaycan gənci respublikadan kənarda SSRİ-nin məşhur ali təhsil müəssisələrinə təhsil almağa göndərilmişdi. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək cəmi 40 faiz təşkil edirdisə, 1976-cı ildə bu rəqəm 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 98 faizə yüksəldi. Ümumilikdə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində 80-dən artıq sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 minədək azərbaycanlı gənc ali təhsil almışdı.
Heydər Əliyev hər il avqust ayının axırlarında Vətəndən kənarda təhsil alacaq tələbə gənclərlə görüşür, öz dəyərli tövsiyələrini verirdi. O, Azərbaycandan kənarda təhsil alan gənclərin fəaliyyətini daim diqqət mərkəzində saxlayır, onların inkişafına yüksək qayğı göstərirdi.
Toplantı bədii proqramla davam edib. Xalq artisti Samir Cəfərov fortepianoda Roza Səlimovanın müşayiəti ilə “Sən elə bir zirvəsən...”, Əməkdar artist İlham Nəzərov fortepianoda Roza Səlimovanın müşayiəti ilə “Sənsiz” romansını ifa ediblər. Ulu öndərin “Alagöz” və “Küçələrə su səpmişəm” mahnılarını səsləndirdiyi görüntülər təqdim olunub. Ulu öndərin Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirməsi nümayiş etdirilib. Tədbir Əməkdar artist Xəyyam Mustafazadənin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşıb.