Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xalçaların təqdimatı

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 5-də İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC tərəfindən “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı ensiklopedik xatirə xalça kompozisiyasının təqdimatı keçirilib.

Mərasimdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu gün dövlətimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək yeni uğurlar qazanır, böyük zəfərlərə imza atır. Bugünkü yaradıcılıq nümunəsi də Ulu öndərin irsinə sadiqliyin, onun xatirəsini daim uca tutmağın ifadəsidir. Təqdimatı keçirilən xalça kompozisiyası Heydər Əliyev irsini və fəaliyyətini ilmələrdə əks etdirir.

İqtisadiyyat naziri xalçaçıların peşə bayramı, 5 may – “Xalçaçı Günü” münasibətilə bu sahədə çalışan hər kəsi təbrik edib, uğurlar arzulayıb.

“Azərxalça” ASC-nin İdarə heyətinin sədri Emin Məmmədov xalça kompozisiyası ilə bağlı təqdimat edib. “Azərxalça”da ərsəyə gələn layihənin həmmüəllifləri – Əməkdar incəsənət xadimi Emin Məmmədov və Əməkdar rəssam Rəşad Ələkbərovdur. Xalça-triptix 2022-ci ilin may ayından etibarən qurumun İsmayıllı emalatxanasında toxunub.

İlk hissədə (1 rəqəmini əks edən) xalçanın kompozisiyasına uyğun olaraq xalqın birliyini və əzəmətini əks etdirən rəmzlər haşiyə motividir. Xalçanın kənar haşiyəsinin konturları Ümummilli liderin ad və soyadının baş hərflərini əks etdirir. Heydər Əliyev və təhsil mövzusu xalçanın birinci hissəsinin əsas mövzularından biridir. Bundan əlavə, həmin hissədə Ümummilli liderin milli musiqimizə olan sevgisi, ən sevdiyi gül – zoğalı rəngli qızılgül, mənəvi zənginlik hesab etdiyi kitablar, məhz onun səyləri və bilavasitə təşəbbüsü ilə inşa olunmuş milli memarlıq nümunələri, mədəniyyətimizin stilizə olunmuş simvolları – tar, kaman, qaval, yallı, armudu stəkanda çay və s. elementlər də öz əksini tapıb.

Milli Ordu quruculuğunun təməlini qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində öz geniş əksini tapıb. Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” də xalça üzərində həkk olunub. Ulu öndər həm hakimiyyətə birinci gəlişi zamanı, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatına böyük önəm verilib, aqrar sektorun inkişafı və regionlarda əhalinin rifahı üçün mühüm zəmin yaradılıb. Xatirə xalçasının üzərində Ümummilli liderin bu sahədə fəaliyyəti əksini tapıb.

Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin xətti (cizgili) portreti əks olunmuş “Keçmiş və gələcək – düşüncələr ayrıcında” adlanır. Burada firavan gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi xalqının önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yüksək bir zirvədən ölkənin bu gününü böyük fəxrlə, gələcəyini isə inamla seyr edir. Xalçanın sərhədlərini müəyyən edən, “Birlik, qardaşlıq və güc” rəmzi sayılan əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində Ulu öndərin timsalında “İdeal cəmiyyətin simvolu” – ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər, bitkilər – bolluq və firavanlıq, qızılgül isə gələcək nəsillərə qayğı və dəstək elementi kimi öz əksini tapıb.

***

Mayın 5-də “Xalçaçı Günü” münasibətilə İçərişəhərdə “Azərxalça”nın nümayiş və satış salonunda da təqdimat təşkil olunub.

“Can Azərbaycan” MMC ilə birlikdə təşkil etdiyi təqdimatda əvvəlcə “Azərxalça” ASC İdarə heyətinin sədri Emin Məmmədov, təqdim olunan xalçanın ideya müəllifi, Əməkdar artist Tahir İmanov çıxış ediblər.

Bildirilib ki, 100x100 ölçüsündəki yun xalça 100 nüsxədə toxunub. Xalçanın üzərində Azərbaycanın bölgələrinə xas xalça növlərinin göstərildiyi xəritə, Ümummilli liderin hər zaman sevə-sevə səsləndirdiyi Səməd Vurğunun “Azərbaycan” şeirindən sətirlər, Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri və onun 3D formatında imzası yer alır.