Mayın 6-da Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Salam. Orient” festivalı çərçivəsində “İpək Yolu boyunca milli geyimlər” adlı tədbir keçirilib.
AMM-in “Salam. Orient” və “Kulteurasia” ilə birgə təşkil etdiyi tədbirdə qədim İpək Yolu üzərində yerləşən ölkələrin (Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan) milli geyim nümunələri nümayiş etdirilib.
Mərkəzin rəhbəri Leyla Qasımova “Salam.Orient” festivalı və “Kulteurasia” təşkilatı ilə davam edən əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edib ki, İpək Yolu ölkələrinin milli geyimlərinin AMM-də təqdim olunması Azərbaycanın bu ölkələrlə dostluğunun daha bir nümunəsidir. Leyla Qasımova sərgiyə Azərbaycan milli geyimlərini təqdim edən Bakı Milli Geyim Evinə xüsusi təşəkkürünü bildirib.
“Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt təqdimatla çıxış edib və qədim İpək Yolu üzərində yerləşən ölkələrin milli geyimlərinin xüsusiyyətlərindən danışıb. Məruzədə Azərbaycan kəlağayısı, Mərkəzi Asiya ölkələrində geniş yayılmış ikat, çakan və digər geyimlər barədə ətraflı məlumat verilib, Cənubi Qafqazda yeganə ipək istehsalı mərkəzi Şəki şəhərindən və Azərbaycan ipəyindən bəhs olunub.
Sonra sözügedən ölkələrin nümayəndələri öz milli geyimlərini nümayiş etdiriblər.
Tədbirdə Avstriyada yaşayan kamança ifaçısı Ruhulla Əziz musiqili proqramla çıxış edib.