Ulu öndər Heydər Əliyevi sonsuz minnətdarlıqla yad edirik
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildə başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışıb. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin qiyabi şöbəsini bitirib. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) Əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib. 1967-ci ildə Azərbaycan DTK-nın sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan MK-nın Birinci katibi seçilib və respublikanın rəhbəri olub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov. İKP MK) Siyasi Bürosunun üzvlüyünə namizəd seçilib.
1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilib və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev bu vəzifədə işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
1987-ci ilin oktyabrında Sov. İKP MK-nın Baş katibi Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.
1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdıb, Naxçıvanda yaşayıb, həmin ilin sentyabrında Azərbaycan Ali Sovetinə deputat seçilib.
Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib. Bu vəzifədə 1993-cü ilin iyununadək çalışıb. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda Azərbaycanda hakimiyyət böhranının nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalqın tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət edilib. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də növbəti seçkilərdə yenidən dövlət başçısı seçilib.
2003-cü il dekabrın 12-də ABŞ-nin Klivlend Klinikasında vəfat edib. Dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn edilib.
Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı, keçmiş SSRİ-nin, eləcə də bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub, həmçinin bir çox beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.
Müasir Azərbaycan tarixinin bütöv bir qərinəsi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. O, müstəqil Azərbaycanın xilaskarı kimi dövlətimizi zamanın ağır sınaqlarından çıxararaq davamlı inkişafının təməlini qoyub.
2003-cü ildən sonra Heydər Əliyevin dövlətçilik siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi, Ali Baş Komandanı olduğu müzəffər Azərbaycan Ordusu ilə Ulu öndərin ən böyük arzusunu – ata vəsiyyətini yerinə yetirdi. Bu gün sərhədləri bütöv Azərbaycan Heydər Əliyevin xatirəsinə ən böyük abidədir.