Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Heydər Əliyev İli” ilə əlaqədar olaraq “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində sənədli film istifadəçilərə təqdim edilib.
Kitabxanadan verilən məlumata görə, üç hissədən ibarət olan sənədli film Ulu Öndər Heydər Əliyevin müxtəlif virtual məkanda paylaşılan videogörüntülərindən hazırlanıb. “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində hazırlanmış sənədli film kitabxananın rəsmi veb-saytında https://ryl.az/virtual/multimediya yerləşdirilib.
Sənədli filmin birinci hissəsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə müstəqilliyimizi xilas etdiyi çətin, mürəkkəb dönəmi əhatə edir. Bu hissədə Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdışı ilə bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasının qoyulması və Azərbaycan xalqının, dövlətçiliyinin, eyni zamanda, müstəqilliyimizin xilas edilməsi yolunda Ulu Öndərin müdrik, fədakar fəaliyyətini əks etdirən görüntülər yer alır. Ümummilli Liderin müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətdən, ölkənin çətin, mürəkkəb dövrlərində nümayiş etdirdiyi uzaqgörən siyasətindən, Azərbaycanın müstəqil dövlət kimi dirçəlməsindən, dünya miqyasında tanınmasından, demokratik, hüquqi dövlətin qurulmasından bəhs edən bu hissədə Ulu Öndər Heydər Əliyevin yerli və beynəlxalq tribunalardan ölkə müstəqilliyi, onun əldə edilməsi, həmçinin qorunub saxlanılması mövzusunda səsləndirdiyi dəyərli fikirləri, nitqləri öz əksini tapıb.
İkinci hissə Qarabağ problemi fonunda Heydər Əliyevin siyasi-ideoloji, hərbi-diplomatik fəaliyyətini əks etdirir. Burada xalq, millət üçün çətin və mürəkkəb olan bu dönəmdə Ümummilli Liderin zəbt edilmiş əzəli və əbədi Azərbaycan torpaqlarının bir gün həqiqi sahiblərinə qayıdacağına dair olan qəti əminliyi, inamı əks olunur. Bu hissədə Ulu Öndərin Qarabağ probleminə olan qətiyyətli yanaşması, dəyişməz mövqeyi, dünya miqyaslı siyasətçilərlə olan diplomatik görüşləri, danışıqları yer alır. Bu gün qazanılan Qarabağ Zəfərinin Heydər Əliyev ideyalarının təntənəsi olması materialda əks olunur.
Elm, təhsil, mədəniyyət və incəsənətin müxtəlif aspektlərini əks etdirən üçüncü hissədə isə Ulu Öndərin bu sahələrə göstərdiyi möhtəşəm qayğıdan bəhs edilir. Müxtəlif elm, mədəniyyət nümayəndələri ilə görüşlərdən, tədbirlərdən ibarət görüntülərin yer aldığı bu hissədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminin, mədəniyyətinin həqiqi himayədarı, təəssübkeşi olduğu bütün aydınlığı ilə təqdim olunur. Burada, həmçinin Ulu Öndərin iştirakı ilə Şuşada Vaqif, Naxçıvanda Cavid məqbərələrinin inşası, görkəmli mədəniyyət nümayəndələri Rəşid Behbudov, Müslüm Maqomayev, Niyazi haqqında söylədiyi dəyərli fikirlər yer alır.