Mayın 10-da Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və kitabxananın əməkdaşları tərəfindən hazırlanan “2023 – Heydər Əliyev İli” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü çoxşaxəli işlərdən danışılıb.

Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasının və bütövlükdə Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edilib.

Vurğulanıb ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Tədbir çərçivəsində “2023 – Heydər Əliyev İli” adlı geniş kitab sərgisinin açılışı və “Azərbaycan xalqının Ümummilli Lideri – Heydər Əliyev” adlı Elektron məlumat bazasının təqdimatı oldu. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/H.Aliyev/index.htm linkindən istifadə edə bilərlər.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.