Yerin orbitində NASA-nın (Amerika Aerokosmik Agentliyi), habelə Rusiya və Çinin peyk və raket hissələri, hətta ötən əsrdən qalmış SSRİ-nin kosmik zondlarının minlərlə parçaları fırlanır.
Alimlərin apardıqları yeni tədqiqatlarda kosmik tullantılar “saatlı bomba” kimi xarakterizə edilir və onların hər an planetimizin üzərinə düşə biləcəyi bildirilir.
ABŞ-də fəaliyyət göstərən “LeoLabs” texnologiya şirkəti kosmik tullantıların miqyasını ortaya çıxarıb. Ekspertlər qeyd ediblər ki, 75 ildir kosmosa göndərilən gəmi, peyk və aparatların qalıqları artıq orbitin ətrafında tıxac yaradıb. Son illər amerikalı milyarderlər İlon Mask və Ceff Bezosun kosmik fəzaya göndərdikləri peyklər vəziyyəti daha da ağırlaşdırıb. Yerin aşağı orbitini izləmək üçün Alyaska, Texas, Yeni Zelandiya və Kosta-Rikada radarlar quraşdıran “LeoLabs”ın mütəxəssisləri müəyyən ediblər ki, kosmik tullantıların böyük bir hissəsi ABŞ-yə məxsusdur. Birləşmiş Ştatların kosmosda 8 mindən çox tullantısı var. Rusiya və Çinin hər birinin kosmik fəzada 4 mindən çox tullantısı mövcuddur.
ABŞ-nin Harvard-Smitsonian Astrofizika Mərkəzinin alimi Conatan MakDouel xəbərdarlıq edib ki, getdikcə artan kosmik tullantılar bir-biri ilə çarpışaraq partlaya və Yerə düşərək insanlara zərər verə bilər. O əlavə edib ki, bu məsələ kosmosa raket və peyk göndərən ölkələr tərəfindən müzakirə edilməli və uyğun tədbirlər görülməlidir.
Xatırladaq ki, bu günlərdə “Azərkosmos” (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik) istismar etdiyi “Azersky” peykinin dizayn edilmiş istismar müddətindən 1 il daha tez, fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırması barədə məlumat yayıb. Peyklə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçikölçülü kosmik tullantı ilə toqquşma ehtimal olunur. Nəticədə peykin enerji təchizatı sıradan çıxıb. “Azərkosmos” hazırda “SPOT 6” peykindən istifadə edərək peyk təsvirləri ilə bağlı sifarişlərin eyni keyfiyyətlə icrasını davam etdirir.