Mayın 12-də Azərbaycan Milli Kitabxanasında “Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğu” adlı respublika elmi konfransı keçirilib. Mədəniyyət Nazirliyi və kitabxananın birgə təşkil etdiyi konfrans Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək konfransın əhəmiyyətini vurğulayıb, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin ölkəmizdə kitabxana sahəsinin inkişafına da qayğı göstərdiyini deyib. Heydər Əliyevin 1995-ci il iyunun 3-də ilk dəfə Azərbaycan Milli Kitabxanasına gələrkən miniatür kitab sərgisinin açılışında və “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat mərasimində çıxışı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova Ulu öndərin kitaba, kitabxanaya və mütaliəyə münasibətindən bəhs edib. Heydər Əliyevin bir neçə dəfə Azərbaycan Milli Kitabxanasına gəlişi, kitabxana haqqında söylədiyi fikirlər, öz şəxsi kitabxanasından Milli Kitabxanaya qiymətli kitab kolleksiyası hədiyyə etməsi xüsusi vurğulanıb.

BDU-nun Sənəd menecmenti kafedrasının müdiri dosent Nadir İsmayılov Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının hazırladığı “Heydər Əliyev. Elektron sənədlər toplusu” adlı elektron informasiya resursunun quruluşunu təhlil edib.

Sonra BDU-nun Redaksiya-nəşriyyat işi kаfеdrаsının müdiri dosent Knyaz Aslan, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri dosent Sevda Xələfova, Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov, Sənəd menecmenti kafedrasının dosentləri Solmaz Sadıqova, Xuraman Ağayeva, Respublika Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi katibi Tünzalə Əzizova mövzu ilə bağlı çıxış ediblər.

Sonda tədbir iştirakçıları “2023 – Heydər Əliyev İli” adlı geniş kitab sərgisi və “Heydər Əliyev guşəsi” ilə tanış olublar.