Oktyabrın 9-da Azərbaycan Turizm İnstitutunda (ATİ) Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində magistratura pilləsində təhsil alan tələbələrlə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin prorektoru Karl Ensfelner və proqramın koordinatoru Andreas Veysenbakın görüşü keçirildi.
   
   Görüşü ATİ-nin rektoru, professor Cəfər Cəfərov açaraq bildirdi ki, 2012/2013-cü tədris ilindən təhsil ocağında Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində magistratura pilləsi üçün ikili diplom proqramı üzrə dərslərə start verilib: “2007-ci ildə ölkə tarixində ilk dəfə Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr pilləsi üzrə ikili diplom haqqında müqavilə imzalandı. «Turizm və qonaqpərvərlik xidməti üzrə təhsil sahəsində əməkdaşlıq» müqaviləsinin şərtlərinə əsasən institutun 150-dək tələbəsi bu proqramdan yararlanıb. Proqram çərçivəsində 57 nəfər hər iki ali təhsil müəssisəsinin diplomunu alıb və onlar bu gün ölkənin aparıcı turizm müəssisələrində çalışırlar”.
   Rektor bu əməkdaşlığın davamı olaraq 2011-ci il oktyabrın 12-də Bakıda Azərbaycan və Avstriya prezidentlərinin iştirakı ilə Turizm İnstitutu və Krems Tətbiqi Elmlər Universiteti arasında magistratura sahəsində əməkdaşlıq müqaviləsinin imzalandığını qeyd etdi: «Bu müqavilə ölkə rəhbərliyinin turizmə, bu sahədə kadr hazırlığına verdiyi önəmin daha bir nümunəsidir”.
   Görüş iştirakçılarını salamlayan İMC Krems Tətbiqi Elmlər Universitetinin prorektoru Karl Ensfelner iki təhsil müəssisəsi arasında yaranmış əlaqələrin yeni mərhələyə qədəm qoymasından məmnunluğunu ifadə etdi: “Krems Tətbiqi Elmlər Universiteti öz fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Bizim diplomantlarımız cəmiyyətdə və iş həyatında yüksək mövqe tuta bilirlər. Bütün bunlar İMC Krems Tətbiqi Elmlər Universitetinin təhsil və karyera sahəsində müsbət imic qazanmasına səbəb olur. Mən çox fəxr edirəm ki, burada Avstriya-Azərbaycan turizm proqramı üzrə ATİ ilə ikili diplomun təşkilinə dair iş aparırıq. Azərbaycanda turizm sahəsi üzrə ixtisaslı kadrlara ehtiyac var. Bizim də bu proqramda əsas missiyamız, məqsədimiz Azərbaycanın turizm sənayesini ixtisaslı və peşəkar kadrlarla təmin etməkdir. Hazırda Çin, Vyetnam, Ukraynada da bu sahədə işbirliyimiz var. Bu proqramın uğurlu alınması tələbələrə həm Azərbaycanda, həm də xaricdə beynəlxalq karyera imkanları yaradır. Praktiki təlimlə yanaşı, tədqiqat aparmaq imkanı yaranır».
   Sonda Karl Ensfelner magistratura pilləsində təhsil alan tələbələrə uğurlar arzuladı.
   
   Fəxriyyə Abdullayeva