Mayın 11-də Naxçıvanda peşəkar teatrın təməlinin qoyulmasının 140 illiyi tamam oldu. Bu münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxış edərək Naxçıvan teatrının yaranma tarixi və inkişaf mərhələləri, teatrın təşəkkül tapmasında xidməti olan şəxsiyyətlər barədə məlumat verib.

Vurğulanıb ki, ötən dövrdə teatrın səhnəsində həm Azərbaycan, həm də dünya klassiklərinin əsərləri uğurla səhnələşdirilib, kollektivin təqdim etdiyi opera, dram, musiqili dram və digər səhnə əsərləri böyük tamaşaçı rəğbəti qazanıb.

Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətin müxtəlif sahələri kimi, teat sənətinin də inkişafını diqqətdə saxlayıb, qayğı göstərib. Teatrı xalqın mənəvi sərvəti hesab edən dahi rəhbərin bu sənətə heyranlığı, sevgisi və qayğısından Naxçıvan teatrı da uğurla bəhrələnib.

Teatr fəaliyyətinə göstərilən diqqət və qayğının bu gün də davam etdiyini bildirən H.Kərimov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan teatrının 125 illik yubileyinin qeyd olunması, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə teatra “milli” status verilməsi bu diqqətin bariz ifadəsidir.

Diqqətə çatdırılıb ki, dövlət başçısının bu günlərdə imzaladığı “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” sərəncamla Naxçıvan teatrının da əməkdaşları mükafata layiq görülüb.

Sonra teatrın 140 illik yubileyi münasibətilə Mirzə Fətəli Axundzadənin “Sərgüzəsti-vəziri-xani-Lənkəran” əsəri əsasında səhnələşdirilən eyniadlı yeni tamaşa nümayiş olunub. Gənc rejissor Həcərxanım Məmmədovanın quruluş verdiyi tamaşanın quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramovdur.

Xalq artisti Həsən Ağasoy, Əməkdar artistlər – Nazlı Hüseynquliyeva, Behruz Haxverdiyev, Əbülfəz İmanov və Əli Əliyevlə yanaşı, Səyyad Məmmədov, Ələsgər Quliyev, Zəminə Məmmədova, Nurgül Məmmədova, Nəsimi Məmmədzadə, Uğur Nəsirli və digər aktyorların rol aldığı yeni tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, səriştəsiz xan və vəzirinin yarıtmaz əməllərinin gülüş hədəfinə çevrildiyi “Sərgüzəsti-vəziri-xani-Lənkəran” əsəri 1894-cü ildən başlayaraq müxtəlif illərdə Naxçıvan teatrının səhnəsində tamaşaya qoyulub.