Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı konsert təşkil edilib.

Konsertdə əvvəlcə İxtisas fortepiano kafedrasının dosenti Sevda Məmmədli Ulu öndərə həsr etdiyi “Yaşayır Heydər ata!” (söz: Mirkazım Seyidov) əsərini ifa edib.

Sonra kafedranın əməkdaşları – Əməkdar müəllimləri Arzu Məmmədova, Kəmalə Mirbabayeva, Fəridə Sultanova, Lalə Cəfərova, dosent Nərgiz Salmanlı, baş müəllimlər Könül Axundova, Zərif Kərimova, eləcə də beynəlxalq müsabiqələr laureatı Ülviyyə Kazımova və Tamerlan Baxşıyev (zərb alətləri), Fəxri Dünyamalıyev (saksofon) çıxış ediblər.

Konsert proqramında Üzeyir Hacıbəylinin “Sənsiz”, Cahangir Cahangirovun “Azad” operasından “Çahargah”, Aleksandr Tsfasmanın “Mənim sevgilim”, Lalə Cəfərovanın “Bir Xəzər əfsanəsi” baletindən “Vida səhnəsi”, “Toy səhnəsi”, “Adajio” və “Rəqs”, “İspansayağı”, Zərif Kərimovanın “Zəng”, Alfred Şnitkenin “Qoqol” süitasından fraqment (“Portret”), Henri Mançininin “Tiffani ilə səhər yeməyi” filmindən “Ay çayı” (“Moon river”) əsərləri təqdim olunub.

Konsert proqramı böyük maraqla qarşılanıb.