2012-ci ildə Bakıda da müsabiqənin birincisi olmuşdu...

 

Mayın 13-də Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Avroviziya – 2023” mahnı müsabiqəsinin qalibi İsveç müğənnisi Lorin olub. O, müsabiqədə iki dəfə qələbə qazanan ifaçı kimi “Avroviziya” tarixinə düşüb.

Budəfəki yarışmada “Tatu” (“Tattoo”) mahnısı ilə çıxış edən Lorin ümumilikdə 583 bal toplayaraq birinci olub. Müğənni ölkəsinə “Avroviziya”da sayca yeddinci qalibiyyəti gətirib və bununla İsveç indiyədək müsabiqə tarixinin lideri (7 qələbə) olan İrlandiyaya çatıb.

“Avroviziya – 2023”ün ikincisi Finlandiya təmsilçisi Kaariya (526 bal) olub. Üçüncü yeri İsrail təmsilçisi Noa Kirel (362 bal) tutub.

Xatırladaq ki, Lorin 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsində “Euphoria” mahnısı ilə birincilik qazanmışdı. İsveç müğənnisi 11 il sonra bu uğuru təkrarlayıb.

Qeyd edək ki, 2022-ci ildə müsabiqənin qalibi Ukrayna olsa da, bu ölkədəki müharibə səbəbindən yarışmaya ötən ilin ikincisi Böyük Britaniya ev sahibliyi edib. Sayca 67-ci “Avroviziya”da ümumilikdə 37 ölkə təmsil olunub. Final mərhələsində 26 ölkə iştirak edib. Azərbaycanı təmsil edən “TuralTuranX” dueti birinci yarımfinalda yarışmış və finala çıxa bilməmişdi.

Beləliklə, 2024-cü ildə “Avroviziya” müsabiqəsini yeddinci dəfə İsveç qəbul edəcək. Yeri gəlmişkən, gələn il İsveçin əfsanəvi ABBA qrupunun “Avroviziya”da qalibiyyətinin 50-ci ildönümüdür.

V.Kamal