YARAT Müasir İncəsənət Məkanında qrup sərgisi açılacaq

 

Mayın 19-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanında “Çəhrayı – Qara” adlı qrup sərgisi açılacaq.

YARAT-dan verilən məlumata görə, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunacaq sərgidə Əzim Əzimzadə, Fərhad Xəlilov, Toğrul Nərimanbəyov, Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Rasim Babayev və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamlar – Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərləri nümayiş olunacaq.

“Çəhrayı – Qara” sərgisi güclü Azərbaycan qadını haqqında hekayədir. O, dövrlərin dəyişməsinə baxmayaraq, tarixin hər kəsimində öz yerini, əksini tapır. Sərgi qadına qarşı cəmiyyətdəki stereotip, məhdudiyyət və çətinliklərə rəğmən, onun mühüm rolunu vurğulayır. Bununla yanaşı, ekspozisiya təkcə bugünkü cəmiyyətimizdə deyil, həmçinin əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir və gücünü, o cümlədən üzləşdiyi problemləri nəql edir. Sərgi illər ərzində sənətçilərin prizmasından ötürülən cinsiyyət haqqında bir mesajdır. O, tamaşaçılara müxtəlif dövrlərdə cinsin necə qəbul edildiyini düşünməyə imkan yaradır. Cinsi mənsubiyyətin mürəkkəblikləri və nüansları təsviri sənətimizdə bir çox heykəltəraşlıq və rəngkarlıq əsərlərində daima əks olunub.

Sərginin ekspozisiyasına Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, eləcə də Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib.

“Çəhrayı – Qara”  qrup sərgisi sentyabrın 24-dək davam edəcək.