Xaçmaz RMİ-nin təşəbbüsü ilə tanınmış teatr və kino aktyoru Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Məmmədsəfa Qasımovun şabranlı sənətsevərlərlə görüşü keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində və milli teatrımızın 150 illiyi münasibətilə gerçəkləşən görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Şabran Mədəniyyət Sarayında keçirilən görüşdə M.Qasımovun baş rolda çəkildiyi “Dolu” filmindən bir hissə nümayiş olunub, sənətkarın həyat və fəaliyyəti barədə məlumat verilib.
Xalq artisti sənətin çətinliklərindən, müasir gənclərin aktyor peşəsinə münasibətindən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətindən bəhs edib.
Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Xaçmaz RMİ-nin rəisi vəzifəsini icra edən Fərid Musayev, Yazıçılar Birliyi Şabran bölməsinin rəhbəri Aydın Tağıyev çıxış edərək ölkəmizdə incəsənət sahəsinin inkişafı və tanınmış aktyorun sənət yolu barədə danışıblar.
Şairə Aybəniz Əlyarın Xalq artistinə həsr etdiyi şeiri səsləndirilib, sənətkarın kinoda canlandırdığı obrazlar haqqında söhbət açılıb, filmlərdən fraqmentlər nümayiş etdirilib.
Sonda aktyor tamaşaçıların suallarını cavablandırıb. Xalq artistinə üzərində portreti toxunmuş xalça hədiyyə edilib.