Yaradıcı insanlar, o cümlədən rəssamlar hər bir yaradıcılıq prosesinin əvvəlində tənhalığa çəkilməyi, ətraf aləm ilə əlaqəni kəsib tərki-dünyalıq içində olmağı sevirlər. Bu zaman yaradıcılıq baxımdan tamamlanma aktı baş verir və müəllif özünün ruhi və əqli azadəliyində yaratdığını ürəklə təqdim edir. Sənət naminə bu “itib-tapılma”ya – yaradıcı yenilənməyə hərə bir ad verir...

12-16 may tarixlərində Muzey Mərkəzində istedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, əsərləri indiyədək müxtəlif ölkələrdə nümayiş olunan Əbülfəz Fərəcoğlunun “Qaçış nöqtəsi” adlı sərgisi keçirildi. Ekspozisiyada müəllifin ənənə ilə müasirliyi birləşdirən 16 qrafika və 91 rəngkarlıq əsəri yer almışdı.

Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Naxçıvan Muxtar Respublikası Rəssamlar İttifaqının sədri Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək rəssamın fərqli sənət üslubuna, rəng duyumuna, daxili aləminin boyalarda təsvir çalarlarına nəzər saldılar.

Bildirdilər ki, müasir təsviri sənətdə baş verən bədii proseslərin mürəkkəb qatlarında bəzən əvvəlcədən nəzərdə tutulmamış hadisələrlə də qarşılaşmalı olursan. Nəticə etibarilə seyrçi çağdaş təsvir konsepsiyalarının mürəkkəbləşmiş simvolika və paradokslarından sanki bir az yorulmuş kimi görünür və təbii olaraq ona tuşlanmış yeni bir baxışa, özünəməxsus üsluba reaksiya verir. Belə müəlliflərdən biri də ötən əsrin 80-ci illərində sənətdə ilk addımlarını atan, öz üslub və təsvir ahəngiylə seçilməyi bacaran Əbülfəz Fərəcoğludur. Onun 40 ildən artıq bir dövrü əhatə edən yaradıcılığının rəngkarlıq və qrafika nümunələrində, ilk növbədə, yenilənmə və bu yenilik içində bir estetik çağırış ön plana çıxır.

Müəllifin gerçəkliyə inamsızlığının ifadəsi təsirini yaradan bu əsərlərində gördüklərimiz rəssamın təxəyyülünün dərinliyi ilə yanaşı əzm və inamını da asanlıqla ifadə edə bilir. Onun rəngləri və təsvirləri seyrçini cəlb edib düşünməyə, düşüncəsinin içində özünün daxili dünyası ilə rəssamın palitrası arasında üzvü rabitəyə təkan verir.

Məlumat üçün deyək ki, 67 yaşlı Əbülfəz Fərəcoğlu Naxçıvanda anadan olub. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin məzunudur. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2005-ci ildən Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının üzvüdür. 1981-1994-cü illərdə Naxçıvan Rəssamlıq Məktəbində müəllim olub. 1997-2020-ci illərdə Türkiyənin müxtəlif təhsil ocaqlarında müəllimlik edib. Müxtəlif layihələr çərçivəsində Ukrayna, Almaniya, Türkiyə, Rusiya, Yaponiya, Danimarka, Bolqarıstan, Fransa, Polşa, İtaliya, Belçika, Çin və s. ölkələrdə sərgilərə qatılıb.

Müəllifin müasir ekspressionizm janrında təqdim olunan hazırkı sərgi isə reallığın ənənəvi obrazından imtinanı əks etdirir. Rəssam üçün gerçəkliyi olduğu kimi təsvir etməkdənsə, daxili aləmi, duyğuları göstərmək vacibdir. Rəsmlərdəki pozulmuş xətlər, ziddiyyətli rənglər, mücərrəd formalar, mübaliğələr və sadələşdirmələr – qeyri-standart yanaşma olaraq tamaşaçıya təsir edir.

Nəticə etibarilə belə bir fikir-təsvir axını yaranır: və başlanğıc nöqtəsi əsas olur, həyatda qaçmağa başladığımız an biz tələsirik, sanki gecikmişik və istədiyimizə – sərvətə, karyeraya, gücə, müxtəlif nailiyyətlərə çatmayacağıq. Yanımızdan keçmiş münasibətlər uçqunu qaçır və biz ətrafda heç nə görmürük, amma vaxtın geri qaytmayacağını da bilirik. Buna rəğmən təəssüflənmirik, əksinə, mübarizə aparırıq.  Axı hamımız dünyaya bir dəfə gəlirik və mütləq bu həyatdan keçirik. Bəziləri daha sürətli, bəziləri daha yavaş. Kimsə qaçdığına nail olur, kimisə yox.

Sonda hamımız gec-tez dayanıb həyatımızı yenidən nəzərdən keçiririk və özümüzə mütləq “Hər şeyi düzgün etdikmi?” kimi ağır sualı veririk. Cavabını isə hərə bir cür təsvir edir. Bizim qəhrəmanın illər əvvəl eşidilən, sonra sərhədlər aşaraq başqa-başqa məkanlardan duyulan səs-təsvirinə yenidən nəzər salanda sadə bir izhar görünür: bu mənim qaçışımın milyon səbəblərindən biridir. Bəs sənin ən böyük səbəbin nədir?!.

Düşünürəm ki, o səbəblərdən birini tapmaq üçün sərgi ilə yaxından tanış olmağa dəyərdi...

Həmidə Nizamiqızı