Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 15-də Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ailə festivalı” keçirilib.

Azərbaycanın bölgələrindən, eləcə də qardaş Türkiyədən ailələrin qatıldığı festivalın məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsinə töhfə verməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqində Beynəlxalq Ailə Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın milli dəyərlərini müasir demokratik dəyərlərlə vəhdətdə götürərək dövlət ailə siyasətini müəyyənləşdirib.

Tədbirdə “Heydər Əliyev – 100 il”, “Azərbaycan – doğma diyar”, “Yaradaq öyrənək”, “Yaşıl dünya”, “Mütaliə edək”, “Milli irs” və “Yaradıcı əllər” adlı guşələrdə uşaqlar üçün maraqlı və maarifləndirici oyunlar, əyləncə proqramları təşkil edilib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası da festivalda iştirak edib. Kitabxana tərəfindən təşkil olunmuş “Mütaliə edək” guşəsində ailələrin öz marağına uyğun, asudə vaxtının səmərəli keçirilməsinə şərait yaradılıb. Guşədə uşaqlar üçün interaktiv oyunlar, oxu və mütaliə saatları, bilik yarışları və s. təşkil edilib. Həmçinin ənənəvi kitab sərgisi təqdim edilib. “Mickey's House” uşaq bağçasının körpə fidanlarının təqdimatında dünya xalqlarının nağıl personajları maraqla qarşılanıb.