Gitanas Nauseda: “Ölkələrimiz təkcə iqtisadi cəhətdən yox, elm, təhsil və mədəniyyət sahələrində də əlaqələr qurmalıdır”
Bu il Litva və Vilnüs 700 illiyini qeyd edir. Bu tarixin ilk illərindən Litva hökmdarı Gediminas müxtəlif xalqlar və ölkələrlə əlaqələrə önəm verib. O vaxtdan bu yana Litva başqaları ilə birgə fəaliyyət göstərmək, yeni ideyalar əldə etmək və inkişaf etmək yolu ilə gedir. Azərbaycan xalqının ulu əcdadları da bu hekayənin bir parçası olaraq hələ XV əsrdə Litva elçilərini qəbul ediblər. Bu gün biz ikitərəfli əlaqələrimizin sağlam vəziyyətinə arxalana bilərik.
Litva Respublikasının Prezidenti Gitanas Nauseda bu fikirləri mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə iştirak etdiyi Azərbaycan-Litva biznes forumunda deyib.
O qeyd edib ki, Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı imkanların axtarılmasında maraqlıyıq: “Biz Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürük. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir. Biz güclü sənaye ənənəsinə və intellektual işçi qüvvəsinə arxalanırıq. Bizim rəqəmsal infrastrukturumuz sürətli və əlçatandır, Avropa İttifaqında ən yaxşılarından biridir”.
Ötən il ilk dəfə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyətini vurğulayan Gitanas Nauseda bildirib ki, ölkələrimiz təkcə iqtisadi cəhətdən yox, eyni zamanda elm, təhsil və mədəniyyət sahələrində də bir-biri ilə əlaqələr qurmalıdırlar: “Yol genişdir və bizim qarşımızdadır. Qoy bu biznes forum düzgün istiqamətdə atılmış əlavə addım olsun”.
Prezident İlham Əliyev litvalı həmkarı ilə ötən ilin mayında Bakıdakı, bu ilin yanvarında Davosdakı görüşlərinə diqqət çəkərək deyib: “Bu, həqiqətən, əməkdaşlığımızın dinamik xarakterini göstərir. İndi isə biznes icmaları üçün qarşılıqlı surətdə faydalı və məhsuldar əməkdaşlığı ehtiva edən uzun perspektivli plan üçün vaxt yetişib. İki həftə öncə burada, Vilnüsdə Litva-Azərbaycan hökumətlərarası komissiyası iqtisadi gündəliyimizdə duran mühüm məsələləri müzakirə etmək məqsədilə öz iclasını keçirdi. Hesab edirəm ki, birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir”.
Litva və Azərbaycanın öz regionlarında mühüm daşımalar qovşağı olduğunu vurğulayan İlham Əliyev bildirib ki, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür: “Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımızla yeni bağlantılar yaratmışıq”.
Mayın 22-də Vilnüsdə Azərbaycan və Litva prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri də olub. Söhbət zamanı dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanıb. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparılıb. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirilib, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvininq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edilib. Ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsinin önəmi diqqətə çatdırılıb.
200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və təhsil müəssisələri arasında əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirilib, bu xüsusda səfər zamanı imzalanan sazişin əhəmiyyəti qeyd olunub.
Qeyd edək ki, Vilnüsdə prezidentlərin iştirakı ilə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində, gənclər siyasəti sahəsində əməkdaşlıq və prokurorluq orqanlarının əməkdaşlığına dair sənədlər imzalanıb.
Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla əməkdaşlıq edir
Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.
Gitanas Nauseda əmin olduğunu bildirib ki, bu səfər Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək: “Litva 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır. Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də strateji tərəfdaşlığımızın inkişafı üçün yeni imkanlar axtarmalıyıq. Biz Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndiririk. Bu əməkdaşlıq Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərib, həmçinin Avropa İttifaqının qış ayları üçün təchizatını təmin edib”.
Prezident İlham Əliyev də iki ölkə arasında çox fəal siyasi dialoq aparıldığını və bu dialoqun konkret nəticələrlə tamamlandığını vurğulayıb: “Siyasi müstəvidə əldə edilmiş razılaşmalar, təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaqdır.
Dövlət başçısı regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıqlarını, həmkarını Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırdığını da deyib: “Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə, demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.
Litva ilə iqtisadi əlaqələrdən söz açan Azərbaycan Prezidenti vurğulayıb ki, Avrasiyada daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin üzərinə böyük vəzifələr düşür: “Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.
Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir. Əminəm ki, bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan veriləcəkdir”.
***
Prezident İlham Əliyev səfər zamanı Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə də görüşüb.
Mayın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Dövlət başçısı və birinci xanım Vilnüsün tarixi hissəsini – Qədim şəhəri gəziblər. Məlumat verilib ki, Şimali Avropanın Orta əsrə aid ən böyük şəhərlərindən sayılan Vilnüsün qədim şəhər hissəsinin sahəsi təqribən 3,6 kvadrat kilometrdir. Burada Avropanın ən qədim qotik, intibah, barokko və neoklassik memarlıq üslublarında inşa olunmuş binalar bir-birini tamamlayır. Ən mükəmməl memarlıq komplekslərindən biri 13 həyəti olan Vilnüs Universiteti memarlıq ansamblıdır. Qeyd olunub ki, Vilnüs Qədim şəhərinin universal dəyəri və orijinallığı nəzərə alınaraq 1994-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.