Azərbaycan Turizm İnstitutu (ATİ) Təhsil Nazirliyinin akkreditasiyasından keçəcək. Bu barədə qəzetimizə məlumat verən ATİ-nin prorektoru Eldar Aslanov bildirdi ki, mövcud qaydalara görə, hər bir ali məktəb 5 ildən bir akkreditasiyadan keçməlidir. Prorektorun sözlərinə görə, bu prosedura hazırlıqla bağlı institutda akkreditasiya komissiyası yaradılıb. Təhsil ocağının özünütəhlil hesabatı hazırlanıb. Burada institutun 5 illik fəaliyyəti, məzunları, akademik potensialı, hazırladığı və çap etdiyi elmi-metodiki vəsaitlər və s. əksini tapacaq. Hesabat Təhsil Nazirliyinə təqdim olunacaq. Noyabrda isə Təhsil Nazirliyi tərəfindən yaradılmış əsas akkreditasiya komissiyası ATİ-də müvafiq yoxlamalar həyata keçirəcək.
   Prorektor bildirdi ki, bu, ATİ-nin kollektivi üçün də özünü yoxlamaq və çatışmazlıqları müəyyənləşdirmək üçün fürsət olacaq: «Bildiyiniz kimi, institutumuzda 2008/2009-cu tədris ilindən Dünya Turizm Təşkilatının və Themis Fondunun idarə etdiyi TedQual prosesinin tətbiqinə başlanılıb. Bu proses nəticəsində ATİ-nin turizm təhsili üzrə beynəlxalq keyfiyyət göstəricisi olan TedQual sertifikatını alması nəzərdə tutulur. Bununla bağlı beynəlxalq akkreditasiyaya hazırlaşırıq. Hesab edirəm ki, milli akkreditasiya həm də beynəlxalq akkreditasiyaya hazırlığımızı gözdən keçirməyə imkan verəcək”.
   
   Fəxriyyə Abdullayeva