Qırğız Respublikasının Oş şəhərində qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik və qazax yazıçısı Muxtar Auezovun 125 illik yubileylərinə həsr olunmuş VII Beynəlxalq “Dünya xalqlarının dastanları” Festivalı keçirilib.
Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi, MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, “Manas” və Çingiz Aytmatov Milli Akademiyası, “Art-Araba” İctimai Fondunun təşkilatçılığı ilə 17-20 may tarixlərində gerçəkləşən festivala 20-dən çox ölkədən elm, mədəniyyət və yaradıcılıq təşkilatlarının nümayəndələri qatılıb.
Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da təmsil olunub. Fonddan bildirilib ki, festival çərçivəsində “Zaman və məkanda dastançının mətni” beynəlxalq elmi-praktik simpoziumu, sənətkarlıq və xalq yaradıcılığı sərgisi, rəvayətçilərin və dastançıların müsabiqəsi, eləcə də “Mədəni müxtəlifliyin paradı” adlı teatrlaşdırılmış qala-konsert təşkil olunub.
Simpoziumda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Mirbek Karıbayev də çıxış edib. Tədbirdə azərbaycanlı manasşünas Adil Cəmilin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Manas eposu və türk dastançılıq ənənələri” kitabının təqdimatı keçirilib. Təqdimatda çıxış edən tanınmış türkoloq, tarix üzrə elmlər doktoru Süleyman Kayıpov kitabın “Manas” dastanına yeni və zəruri yanaşmanı ifadə etdiyini və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Simpoziumda 20-dək ölkədən 60-a yaxın alim iştirak edib.