Xəbər verdiyimiz kimi, 21-25 may tarixlərində Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilib.
Mayın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın bağlanış konserti oldu.
Tamaşaçılar arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, musiqisevərlər və digər qonaqlar vardı.
Konsertdən əvvəl çıxış edən musiqişünas Sara Timurova festival haqqında məlumat verdi. Qeyd etdi ki, festival çərçivəsində konsertlərlə yanaşı, ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunub: “Biz bu festival boyu XX əsr bəstəkarları ilə yanaşı, çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin qabaqcıl nümayəndələrinin də əsərlərini dinlədik. Bəstəkarlarımızın əsərlərinin Qərb məktəbi ilə oxşarlıq və fərqliliyini sezə bildik. Festivalın ən önəmli məsələlərindən biri də o oldu ki, biz Azərbaycanda neçə-neçə istedadlı ifaçını kəşf etdik. İnanırıq ki, bu festival Azərbaycanın müasir bəstəkarlıq və ifaçılıq məktəbinə öz töhfəsini verəcək”.
Sonra musiqiçilər səhnəyə dəvət olundu.
Konsertdə “Cadenza” orkestrinin (bədii rəhbər Türkər Qasımzadə, konsertmeyster Samir Əsədov, dirijor Orxan Həşimov) müşayiətində Zakir Əsədov (piano), Mahir Tağızadə (bariton) və Fidan Ağayeva-Edler (piano) rəngarəng ifaları ilə tamaşaçıların qəlbini oxşamağı bacardılar.
İsmayıl Hacıbəyov və Rüfət Xəlilovun “Kapriççio”, Ayaz Qəmbərlinin “Melanxoliya”, macar bəstəkar György Ligetinin “Piano və orkestr üçün konsert” əsərləri ifa edildi.
Qeyd edək ki, “Müasir Musiqi Günləri” festivalına mayın 25-də Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi ilə yekun vurulub.
Nurəddin