Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Xalq Cümhuriyyəti dövründə çap olunmuş “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru, tanınmış jurnalist, tənqidçi, tərcüməçi və teatrşünas Xəlil İbrahimin “İstiqlal yazıları” kitabının təqdimatı keçirilib.
Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib. Bildirib ki, kitabda Xəlil İbrahimin müxtəlif illərdə yayılmış məqalələri toplanıb.
Azərbaycan jurnalistikasının əsasını qoyanlardan olan Xəlil İbrahim 1892-ci ildə Şuşada doğulub. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində alıb. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçərək təhsilini orada davam etdirib. 1914-cü ildən ədəbi-bədii fəaliyyətə başlayıb. 1918-ci ildə “Azərbaycan” qəzetinin yaradıcılarından biri və rusca nəşrin redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və respublikada kommunist rejimi qurulduqdan sonra X.İbrahim müxtəlif vəzifələrdə çalışmaqla Azərbaycan xalqının inkişafı ilə bağlı problemlər haqqında 1923-1930-cu illərdə məqalələrlə qəzetlərdə çıxış edib. Bu illərdə o, milli teatr və mədəniyyətin inkişafı, problemləri ilə bağlı onlarla məqalə, resenziya yazıb, Azərbaycan (türk) ədəbi lüğətinin hazırlanmasında fəal iştirak edib.
Xəlil İbrahimin tərcüməçi kimi Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri böyükdür. O, Şekspirin, Şillerin, A.Tolstoyun və bir sıra başqa Avropa və rus yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. 1937-ci ildə amansız repressiya dəhşətlərinin qurbanı olub.
Kitabın tərtibçisi və ön sözün müəllifi, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı onun necə ərsəyə gəlməsindən danışıb. Bildirib ki, bu gün Cümhuriyyətimizin qurucularından və həmin dövrün ən parlaq simalarından biri olan Xəlil İbrahim haqqında Azərbaycan ictimaiyyətinin yetərincə məlumatı yoxdur. O, bir müddət “Azərbaycan” qəzetinin redaktoru vəzifəsində çalışıb. X.İbrahim milli mətbuatımızın, publisistikamızın və Cümhuriyyət ideyalarının formalaşmasında çox böyük rolu, xidməti olan bir şəxsiyyətdir. Onun hətta teatrşünaslıqla bağlı dövrün qəzetlərində çox mükəmməl məqalələri, təhlilləri var. Bu gün burada təqdim olunan “İstiqlal yazıları” kitabında X.İbrahimin “Şuşadan yazılar”, “Şuşadan məktublar” adlı bir neçə məqaləsi də yer alır. Bu məqalələri o, 1916-cı ildə “Açıq söz” qəzetində yazmağa başlayıb və sonradan bunu “Azərbaycan” qəzetində davam etdirib. X.İbrahim həmçinin “Kommunist” qəzetində də yazılarla çıxış edib. O, Cümhuriyyət ideyaları ilə yaşayan insan idi. Bu kitabda da onun Cümhuriyyət, istiqlal mövzulu yazıları yer alıb.
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi qeyd edib ki, X.İbrahim çox zəngin biliyə sahib insan idi. Onun dilçiliklə, Azərbaycan ədəbi dilinin qaydaları ilə bağlı yazılarını xüsusi qeyd etmək olar. 1926-cı ildə keçirilən Türkoloji Qurultayın təşəbbüskarlarından biri də X.İbrahim olub. O, həmçinin Türkiyə-Azərbaycan münasibətlərində qardaş yardımlaşmalarına dəstək verən publisistik yazılarla çıxış edən insan idi. Onun mədəniyyət problemləri ilə bağlı yazıları da xüsusi əhəmiyyət daşıyır”.
Tədbirdə çıxış edən digər natiqlər - M.Ə.Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rəis Rəsulzadə, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, "Mədəniyyət/Culture" jurnalının baş redaktoru Zöhrə Əliyeva da yeni çap olunmuş kitab və Xəlil İbrahim haqqında fikirlərini bölüşüblər. Xəlil İbrahimin nəvəsi Lalə Nəcəfova da çıxış edərək kitabı ərsəyə gətirənlərə təşəkkürünü bildirib.