Mayın 25-də Səməd Vurğunun Ev-Muzeyində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir çərçivəsində həmçinin “Heydər Əliyev və Vurğun ocağı” adlı fotosərginin açılışı oldu.

Tədbirdə mədəniyyət, incəsənət xadimləri, vurğunsevərlər və digər qonaqlar iştirak edirdilər.

Muzeyin direktoru Vurğun Vəkilov qeyd etdi ki, Ulu öndər Heydər Əliyev Səməd Vurğunun ocağında bir neçə dəfə olub. Onun nəinki bu muzeyə, həmçinin Səməd Vurğun irsinə, böyük şairin ailəsinə diqqəti və qayğısı unudulmazdır.

Diqqətə çatdırıldı ki, Səməd Vurğunun Ev-Muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. 1974-cü ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılan muzey 1975-ci il oktyabrın 6-da Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Azərbaycanda “Sovet ədəbiyyatı günləri”ndə açılıb. Həmin gün, sözün həqiqi mənasında, xalqımızın və poeziyamızın bayramına çevrilib. Heydər Əliyevin Səməd Vurğunun şəxsiyyətinə və yaradıcılığına olan ehtiram onun övladlarına münasibətdə də davam edib. Dahi siyasətçi şairin övladlarının ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında fəaliyyətlərini yüksək dəyərləndirib. Bu gün muzeyin əməkdaşları Səməd Vurğun irsini yaşatmaq və təbliğ etməklə həm də Ulu öndərin bu sahədə tövsiyələrini həyata keçirirlər.

Muzeyin baş mühafizi Xanım Şadlinskaya Ulu öndərin Səməd Vurğunun yaradıcılığına münasibətindən bəhs etdi. Bildirdi ki, şairin yaradıcılığına, eləcə də Vurğun ocağına diqqət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkə başçısının sərəncamı ilə muzey yenidən təmir edilərək ziyarətçilərin ixtiyarına verilib.

Çıxışlardan sonra Heydər Əliyevin Səməd Vurğunun Ev-Muzeyinin açılışında iştirakı və şairin dillər əzbəri olan “Azərbaycan” şeirinin bir bəndini söylədiyi görüntüləri əks etdirən videoçarx nümayiş etdirildi.

Bədii hissədə solistlər Atabəy İsmayılov (tar), Səidə Tağızadə (piano), Ümidə Abbasova (violin) və Mahir Tağızadə (vokal) Vasif Adıgözəlovun “Qərənfil”, xalq mahnısı “Laçın”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” və Müslüm Maqomayevin “Odlar yurdu” əsərlərini ifa etdilər.

Sonda qonaqlar “Heydər Əliyev və Vurğun ocağı” fotosərgisi ilə tanış oldular.

Nurəddin