Üç min nəfərin göndərdiyi əsərlər arasından 800-ü yaş qrupları üzrə nümayiş olunub


Xəbər verdiyimiz kimi, Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı keçirilib. Bu il “Heydər Əliyev İli”nə həsr olunan ənənəvi festival çərçivəsində rəsm müsabiqəsi gerçəkləşib.

Mayın 27-də Xətai Rayon İcra Hakimiyyəti binasının qarşısında festivalın yekun sərgisi açılıb.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Xalq artisti Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış ediblər.

Xətai rayonunda fəaliyyət göstərən musiqi kollektivlərinin çıxışlarından sonra rəssam Cəlal Ağayevin ustad dərsi keçirilib.

Sonda festivalın qalibləri elan olunub. 15-21 yaş kateqoriyası üzrə Narın Zeynalabduyeva I (Azərbaycan Rəssamlıq Akademiyası), Gülrux Vəzirova II (T.İsmayılov adına 6 saylı məktəb-lisey), Fəridə Xudaverdiyeva III (“EDUGrata” təhsil mərkəzi) yerlərə layiq görülüblər.

11-15 yaş kateqoriyası üzrə Hüseyn Süleymanlı I (4 saylı Uşaq incəsənət məktəbi), Məhəmmədəli Əzizli II (İmişli rayon Uşaq incəsənət məktəbi), Selcan Abbaslı III (Kəlbəcər Uşaq incəsənət məktəbi) yerlərin sahibi olublar.

11 yaşa qədər uşaqlar arasında I yeri Furqan Əliyev (“EDUGrata” təhsil mərkəzi), II yeri Məlahət Kərimzadə (248 saylı tam orta məktəb), III yeri isə Nuran Musayev (Kürdəmir şəhər 5 saylı tam orta məktəbi) qazanıb. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, festival çərçivəsində keçirilən “Güllər” adlı yaradıcılıq müsabiqəsinə şəhər və rayonlardan 500-dən çox məktəb və yaradıcılıq müəssisəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərib. Onların sırasından 800-dən artıq əsər seçilərək mərhələli şəkildə Xətai Sənət Mərkəzində sərgilənib. Hər yaş kateqoriyasından 10 uşaq olmaqla, ümumilikdə 30 nəfər sərgiyə dəvət edilib.