Hüseyn Cavidin Ev-Muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Ümummilli lider Heydər Əliyev və ev-muzeyləri” mövzusunda məruzəsi 26-28 may tarixlərində “İnterConf – Scientific Publishing Center” internet nəşri tərəfindən Vaşinqtonda keçirilən “Müasir elmin problemləri” mövzusunda XI beynəlxalq elmi-praktik konfransın materiallarının yer aldığı topluda nəşr olunub.

Muzeydən verilən məlumata görə, məqalədə Ulu öndərin təşəbbüsü ilə yaradılan ev-muzeylərinin tarixi qısa şəkildə nəzərdən keçirilir. Bu istiqamətdə aparılan işin milli və bəşəri əhəmiyyətini nəzərə çatdıran müəllif 1981-ci ildən başlayaraq Ümummilli liderin təşəbbüsü ilə ölkəmizdə yaradılan muzeylərin, həmçinin ev-muzeylərinin Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin təbliğində önəmli rol oynadığını faktlarla əsaslandırıb. 

Elmi konfransın materialları “Scientifik collection” (elmi toplu) jurnalının 156-cı sayında – 2023-cü il üzrə may nömrəsində yerləşdirilib. Multidissiplinar xarakterli dərgi elmi nəşrlərin qeydiyyata alındığı, onlayn jurnalların əksəriyyətinin məlumatlarını ehtiva edən “Google Scholar” beynəlxalq elmmetrik bazasına daxildir.

Məruzənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: https://archive.interconf.center/index.php/conference-proceeding/article/view/3487