Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Oxu bayramı” keçirilib. Çıxış edənlər kitab və mütaliəyə marağın artırılması, kitabxanaların bu sahədə daha fəal rol oynaya bilməsindən söz açıblar. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi, rayon Uşaq incəsənət və musiqi məktəbləri kollektivlərinin ifasında konsert proqramı təqdim edilib.

Quba rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və uşaqlar” adlı tədbir keçirilib. İştirakçılar “Əbədiyaşar lider” adlı kitab sərgisi ilə tanış olublar.

***

Salyan şəhər Uşaq incəsənət məktəbi rayonun Aşağı Kürkənd kənd tam orta məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konsert proqramı ilə çıxış edib.

***

Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib. Sərgidə kitabxananın fondunda yer alan kitablar nümayiş etdirilib.

***

Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbində “Azərbaycanın memarı” adlı 2022-2023-cü tədris ilinin hesabat konserti təşkil olunub. Məktəbin müəllim və şagird kollektivinin ifasında musiqilər, rəqslər və müxtəlif səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

İmişli rayon Məzrəli kənd Diyarşünaslıq evi və kənd kitabxanasının təşkilatçılığı ilə “Tarix yaradan şəxsiyyət” adlı konsert keçirilib. İncəsənət ustalarının və şagirdlərin ifalarında Ümummilli liderə həsr edilmiş şeirlər, mahnılar səsləndirilib.

***

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Hamarkənd kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı tarix dərsi keçirilib.

***

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” ilə bağlı Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub. Gəncə Dövlət Universiteti tələbələrinin təqdimatında göstərilən tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

***

Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir RMİ-nin birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir!” adlı tədbir keçirilib. Çıxışlardan sonra yerli incəsənət ustaları tərəfindən Heydər Əliyevin vaxtilə sevə-sevə dinlədiyi musiqilər səsləndirilib, məktəblilər şeirlər söyləyiblər.

RMİ-nin Göygöl rayon nümayəndəliyi, rayon İcra Hakimiyyəti və YAP Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda tədbir keçirilib. Rayon icra başçısının müavini Kəmalə İbrahimova, Musiqi məktəbinin direktoru Nuranə Quliyeva, RMİ-nin Göygöl rayonu üzrə nümayəndəsi Nurəddin Babazadə və başqaları çıxış ediblər. Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

***

Ucar rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayon üzrə Təhsil sektorunun və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ucar rayon komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan” adlı təqdimatın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Ucar şəhər 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Almaxanım Qəhrəmanova, Ramal kənd ümumi orta məktəbin IX sinif şagirdi Emil Abdullayev, Bərgüşad kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gülnarə Həsrətova ilk üç yerə layiq görülüb.

***

Qazax rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı sərgi təşkil edilib. Ulu öndərin 100 illiyinə həsr olunan və dahi siyasətçinin Azərbaycan mədəniyyətinin inkişafı, dünyada tanıdılması, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində əvəzsiz xidmətlərinin təbliği məqsədilə təşkil edilən sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

***

Astara rayon Heydər Əliyev Mərkəzində rəssam Firudin Quliyevlə gənclərin görüşü təşkil olunub. Görüşdə Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, mədəniyyətimizin inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən söz açılıb.

***

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Ulu bir sərkərdə, Ulu bir öndər” adlı konsert təşkil edilib. Mərkəzin “Dostluq” Mədəniyyət evinin kollektivi tərəfindən mahnılar, rəqslər və şeirlər təqdim olunub.

Abşeron rayon Xırdalan şəhər Musiqi məktəbinin kollektivi “Heydər Əliyev İli” münasibətilə Qəbələ rayon Mədəniyyət Mərkəzi, Zaqatala rayon və Balakən şəhər uşaq incəsənət məktəblərində konsert proqramları ilə çıxış ediblər.

N.Məmmədli