Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1983-cü il 14 aprel

 

Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Moskvada, İttifaqlar Evində görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin 70 illiyinə həsr olunmuş gecədə iştirak edib. SSRİ Nazirlər Sovetində Heydər Əliyevin kurasiyasına 10-dan çox nazirlik, o cümlədən SSRİ Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Dövlət Teleradio Verilişləri Komitəsi, Dövlət Kinematoqrafiya Komitəsi və digər qurumlar daxil idi. O, Azərbaycanın mədəniyyət və incəsənətinə də diqqətini əsirgəmirdi.

 

1983-cü il 17 iyun

 

Heydər Əliyev SSRİ-nin təsərrüfat və sosial-mədəni quruculuq sahəsində ən ali fərqlənmə dərəcəsi olan ali Sosialist Əməyi Qəhrəmanı adına (“Lenin” ordeni və “Oraq və çəkic” ordeni ilə təltif olunmaqla) ikinci dəfə layiq görülüb. Bu adla iki dəfə təltif olunanların vətənində sağlığında büstü qoyulurdu. Heydər Əliyevin büstü Naxçıvanda qoyuldu.

 

1983-cü il 5 sentyabr

 

Bakıda ilk dəfə Şərq xalça sənətinə dair Beynəlxalq Simpozium açılıb. Heydər Əliyev mötəbər tədbirdə iştirak etmək üçün Moskvadan Bakıya gəlib. O, hələ Azərbaycanın rəhbəri olduğu vaxt (1982) bu simpoziuma hazırlıq başlanmışdı. Heydər Əliyev respublikanın rəhbər şəxsləri və müxtəlif ölkələrdən gələn qonaqlarla birlikdə  simpoziumun çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasında təşkil olunmuş Azərbaycan xalçaları sərgisini ziyarət edib. Simpoziumun qonaqları arasında UNESCO-nun mədəniyyət sektorunun nümayəndəsi Pyer Kalfon, “Xalı” jurnalının (Böyük Britaniya) baş redaktoru Robert Pinner, “Fransa-SSRİ” Cəmiyyətinin katibi, Parisdəki J.Pompidu adına Mərkəzin əməkdaşı Elen Lyaroş, sənətşünaslar Ürfan Nəsrəddinoğlu (Türkiyə), Robert Çensiner (Böyük Britaniya), Lyudmila Kibalova (Çexoslovakiya) və başqaları vardı. Azərbaycan xalçaları – Bakı, Qarabağ, Şirvan, Quba, Gəncə, Qazax ustalarının yaratdıqları nümunələr qonaqlarda böyük maraq doğurub. Qonaqlar İçərişəhərdə xalça bayramına tamaşa edib, Azərbaycan SSR Elmlər Akademiyası Arxeologiya Mərkəzinin yeni binasında və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyində xovsuz və süjetli-tematik xalça sərgilərinin ekspozisiyaları ilə, “Azərxalça” Birliyinin “İncəsənət” xalçaçılıq fabrikinin usta qadınlarının işi ilə də tanış olublar.

 

1983-cü il 24 sentyabr

 

Heydər Əliyev Moskvadan Bakıya növbəti gəlişi zamanı Azərbaycan Dövlət Akademik Dram Teatrında böyük şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyi münasibətilə səhnəyə qoyulmuş “İblis” tamaşasına baxıb. Tamaşadan sonra yaradıcı heyətlə görüşən Heydər Əliyev səhnə əsərini yüksək qiymətləndirib. Tamaşa Heydər Əliyevin rəhbərliyi ilə 1981-ci ildə qəbul edilən Hüseyn Cavidin 100 illiyinə həsr olunmuş tədbirlər planı əsasında hazırlanmışdı. 1984-cü ildə “İblis” tamaşası Azərbaycan SSR Dövlət mükafatına layiq görüldü. Mükafat quruluşçu rejissor Mehdi Məmmədov başda olmaqla səkkiz nəfərə (o cümlədən aktyorlar Məmmədrza Şeyxzamanov, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Səfurə İbrahimova, Ramiz Məlik) verilmişdi.

 

1983-cü il 1 oktyabr

 

Heydər Əliyev “Beynəlxalq musiqi günü” münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrin konsertində olub.

 

1983-cü il 15 oktyabr

 

Heydər Əliyev Moskvada, Kremlin Qurultaylar Sarayının səhnəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 60 illiyi münasibətilə nümayiş olunan “Min bir gecə” baletinin tamaşasına baxıb.

 

1984-cü il 22 fevral

 

Bakıda dahi bəstəkar Fikrət Əmirovla vida mərasimi keçirilib. Heydər Əliyev mərasimdə iştirak edib.

 

1984-cü il 18 may

 

Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Moskvada kino işçilərinin Ümumittifaq yığıncağında çıxış edib, kinematoqrafçıların qarşısında duran vəzifələrdən, kinonun maddi-texniki bazasının daha da möhkəmləndirilməsinin vacibliyindən və digər məsələlərdən söz açıb.

“...Təcrübə öyrədir ki, incəsənət nəinki həyatla birgə addımlayanda, həm də onu qabaqlayanda, sənətkar cəsarətlə sabahkı günə baxanda, bugünkü prizmadan gələcəyi, perspektivi parlaq, bədii cəhətdən inandırıcı göstərməyi bacaranda öz yüksək vəzifəsini yerinə yetirmiş olur...

Kinematoqrafın təcrübəsi göstərir ki, film tamaşaçılara hər şeydən əvvəl şəxsiyyətin bütövlüyü, xeyirxah əməlləri, öz qəhrəmanının mənəvi və intellektual cazibədarlığı ilə təsir göstərir, adamların qəlbində iz qoyur...

Kinoteatrda və ya televiziya ekranında kinematoqrafın səlahiyyətli nümayəndəsi hər şeydən əvvəl aktyordur. Filmdə əksini tapan fikir və hisslər cərəyanı tamaşaçıya məhz onun vasitəsilə ötürülür. Ekranda insanın təsvirində ssenaristin, rejissorun, operatorun, rəssamın bütün cəhdləri məhz aktyorun üzərində çarpazlaşır. Biz bunda çox maraqlıyıq ki, aktyorun şəxsiyyəti və professional ustalığı bədii obrazların dərinləşdirilməsinə, onların inandırıcılığının və ibrətamizliyinin gücləndirilməsinə kömək etmiş olsun...”

Hazırladı: V.Orxan

(davamı var)