2013-cü ildə Azərbaycanın iştirak edəcəyi beynəlxalq turizm sərgilərinin sırasına daha biri əlavə olunub. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, gələn ilin oktyabrında Belarusun paytaxtı Minsk şəhərində «Turbiznes» beynəlxalq turizm sərgisi keçiriləcək. Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi siyahıya əlavə olaraq bu sərgidə Azərbaycanın da iştirakı nəzərdə tutulub.
   Sərgidə iştirak etmək istəyənlər 2013-cü il avqustun 1-dən gec olmayaraq turizm şöbəsinə müraciət edə bilərlər.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanı hər il müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində təmsil edir. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər də nazirlik tərəfindən icarəyə götürülmüş sahədə öz məhsullarını nümayiş etdirmək imkanı əldə edirlər. 2013-cü il ərzində ölkəmiz «Turbiznes» də daxil olmaqla, 21 beynəlxalq turizm sərgisində iştirak edəcək.

   Fəxriyyə Abdullayeva