F.Köçərli adına Respublika Uşaq Kitabxanası Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq festivalında iştirak edib.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festival zamanı mərkəzin parkı uşaq şəhərciyini xatırladıb. Park müxtəlif mövzu və əyləncə növləri üzrə zonalara bölünüb. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Hər uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb.
Respublika Uşaq Kitabxanası üçün ayrılmış zonada uşaq yazarları ilə görüşlər təşkil edilib. Həmçinin eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün jest dilinə tərcümə olunmaqla uşaq yazarları Mehriban Nağıyeva, Gülzar İbrahimova, gənc yazar Fidan Şəmsizadənin iştirakı ilə “Oxu saatı” keçirilib. Uşaqlar müxtəlif mövzulu şeirlər söyləyiblər.
Festival çərçivəsində müxtəlif interaktiv oyunlarda, “Özün çək, özün rənglə”, “Nağıl bilicisi” adlı müsabiqələrdə iştirak edən və qalib olan hər bir uşağa kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı, əlfəcinlər, kitablar hədiyyə edilib. Həmçinin “face-art” üzrə rəssam müxtəlif nağıl qəhrəmanlarını uşaqların simasında çəkməklə onları sevindirib.