Afrika günü münasibətilə Anqolanın Luanda şəhərində keçirilən mədəniyyət festivalında ölkəmizi Anqolada yaşayan azərbaycanlılar Asya Nəcəfova və Şahmir Sofiyev təmsil edib.

Nigeriyada fəaliyyət göstərən “Azərbaycanın Dostları” Təşkilatının təsisçisi, həmçinin stendimizin dəstəkçisi Anqolada yaşayan Billurə Bayramova-Bernardın məlumat verib.

Onun sözlərinə görə, festival Anqolada yaşayan müxtəlif icmaların öz ölkələrini təmsil və təbliğ etmək, tarixləri, mədəniyyətləri və milli mətbəx nümunələri barədə məlumatları yerli ictimaiyyətlə paylaşmaq məqsədilə təşkil edilib.

Bildirilib ki, Azərbaycan guşəsində festivalın qonaqlarını milli geyimdə təşkilatçılar və icma üzvləri qarşılayıblar. Qonaqlara ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilib, onlara müxtəlif ingilis dilində tərcümə edilmiş Azərbaycan xalçaları, milli geyimlərini və məşhur fotoqraf Reza Deqatinin ölkəmizlə bağlı fotolarını əks etdirən kitablar təqdim edilib.

Qeyd edək ki, tədbirdə Anqolanın rəsmi şəxsləri, müxtəlif ölkələrin səfirləri və Luanda şəhərində yerləşən məşhur şirkətlərin nümayəndələri ziyarət ediblər.