Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Heydər Əliyev muzeyinin və lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, BDU-nun rektoru Elçin Babayev, Yerusəlim İvrit Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Oron Şagrir iştirak ediblər.
BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu öndərin şəxsi razılığı ilə yaradılıb. Muzeyin ekspozisiyası Ulu öndərin BDU ilə bağlı fəaliyyətini, universitetə doğma münasibətini də əks etdirir. Ümummilli lider fəaliyyətinin bütün dövrlərində tez-tez doğma universitetinə gəlib, hər zaman bu ali təhsil ocağına xüsusi diqqət göstərib. Məlum olduğu kimi, 1969-cu il noyabrın 1-də BDU-nun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin tədbirdə ana dilində nitq söyləməsi Ümummilli liderin xalqına və dilinə sonsuz bağlılığının göstəricisi idi.
Ulu öndər 1994-cü ildə BDU-nun 75 illik yubileyində böyük nitq ilə çıxış etmişdi. O, çıxışında universitetin 75 ildə qazandığı nailiyyətləri, respublikanın ictimai, siyasi və mədəni həyatında oynadığı rolu, respublika ali məktəblərinin mərkəzi və bayraqdarı olmasını bildirmişdi.
Muzeydə 2 elektron məlumat lövhəsi tələbə, müəllim, eləcə də ictimaiyyət üzvlərinə xidmət üçün istifadədədir. Muzey bütün təhsil ocaqlarının şagird və tələbələrinə Ümummilli lider Heydər Əliyev irsinin, dövlət başçısı və xadimi kimi fəaliyyətinin fotoşəkillər, nadir və qiymətli eksponatlarla öyrənilməsi üçün hər zaman açıqdır. Eləcə də böyük monitor Ulu öndərin irsinin öyrənilməsi mövzusunda kollektiv ziyarətçilər üçün kiçik tədbirlər keçirilməsində, Ümummilli liderlə bağlı filmlərin nümayiş olunmasında istifadə olunur.
Bu muzeyi dünyanın tanınmış ictimai-siyasi xadimləri, elm və təhsil nümayəndələri ziyarət edib, təəssüratlarını bölüşüblər. Muzeyin çoxsaylı ziyarətçiləri arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də olub. Dövlətimizin başçısı muzeyin “Xatirə kitabı”na da öz tarixi fikirlərini yazıb.