Mərhum yazıçı-jurnalist İntiqam Mehdizadənin kitabı çap olunub

 

Yazıçı-publisist, jurnalist, ssenarist İntiqam Mehdizadənin (1945-2022) “İşığa çıxmış düşüncələr” adlı kitabı çap olunub.

Mədəniyyət Nazirliyinin Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiyasının qərarına əsasən nəşr edilən kitabda müəllifin müxtəlif illərdə yazdığı məqalələr toplanıb. Jurnalist cəmiyyətin yaşadığı zaman boşluğuna, dövrün çətinliklərinə peşəkarlıqla sözdən güzgü tutur. Kitabda mərhum publisistin 1987-ci ildən redaktoru olduğu “Bulaq” radioverilişini hazırlamaq məqsədilə səfər etdiyi bölgələrdən qələmə aldığı təəssüratları, habelə müstəqilliyimiz uğrunda şəhid olmuş oğullar haqqında, torpaq itkisi, yurd həsrəti, cəmiyyətdəki çatışmazlıqlar, 1990-cı ildən sonrakı illərdə qarşılaşdığı ictimai-sosial problemlər, qəzet, jurnalist peşəsi mövzusunda yazdığı ağrı dolu yazılar yer alıb. “Karvanın sarvanı”nda olduğu kimi “İşığa çıxmış düşüncələr” kitabında da oxucular mədəniyyətin bir çox sahəsində çalışan sənət adamları, ədəbiyyat fədailəri ilə görüşlərin yaddaş nümunələri ilə tanış olmaq, rəngarəng mövzularda məqalələr, tanınmış ziyalılarla bağlı xatirələr, araşdırma yazılar, müsahibələr yer alıb.

1973-cü ildən Azərbaycan Televiziyası və Radio Verilişləri Komitəsində çalışmış İ.Mehdizadə televiziyada "Gənclik və idman" redaksiyasına rəhbərlik etdiyi illərdə "Axtarış", "Dan yeri", "Duyğu", "Yeni üfüqlər", "Vaxt", "Mövqe", "Çərxi-fələk", "Sorğular-cavablar", "Sənətsevər" adlı radio verilişlərinin müəllifi kimi tanınıb.

O, bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi və Nəşriyyat şöbəsinin müdiri olub. Jurnalist universitetdə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyib.

İ.Mehdizadənin bundan əvvəl çap olunmuş “Bulaq”, “Təsəlli”, “Maralı qoca dağlar”, “Karvanın sarvanı”, “Hərənin öz dünyası” kitabları kimi “İşığa çıxmış düşüncələr” də Azərbaycanın mətbuat tarixi üçün əhəmiyyətli nəşrdir.