Xəbər verdiyimiz kimi, 31 may – 1 iyun tarixlərində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan musiqisi günləri” keçirilib.

Tədbir çərçivəsində AMM tərəfindən A.S.Puşkin adına Səmərqənd Regional Kitabxana-İnformasiya Mərkəzinə (SRKİM) zəngin kitab kolleksiyası hədiyyə edilib. Kitabxananın oxu zalında həmin kitabların sərgisi açılıb. Sərgi bir ay ziyarətçilər üçün açıq olacaq.

Tədbir çərçivəsində Səmərqənd Regional Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zebinisa Şodieva ilə AMM-in direktoru Samir Abbasov arasında görüş keçirilib. SRKİM ilə Azərbaycan kitabxanaları arasında əlaqələrin qurulması, birgə layihələrin icrası, kitabxanada Azərbaycan fondunun yaradılması müzakirə edilib və bu barədə razılıq əldə olunub.

Sonra qonaqlar SRKİM-in fəaliyyəti ilə tanış olublar. Zebinisa Şodieva AMM ilə sıx əməkdaşlıq etdiklərini və hər il mərkəz tərəfindən Azərbaycana dair nəşrlərin kitabxanalarına hədiyyə olunduğunu bildirib.

Samir Abbasov Özbəkistanın kitabxana fondlarının Azərbaycana dair nəşrlərlə zənginləşdirilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini deyib. O, AMM-in layihəsi ilə 100-dən çox adda Azərbaycana dair əsərin özbək dilinə tərcümə edilərək çap olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Səmərqənd Vilayət Kitabxanası 1911-ci ildə yaradılıb. 1937-ci ildə kitabxanaya A.S.Puşkinin adı verilib.