27 may – 4 iyun tarixlərində İçərişəhərdə keçirilən V Milli Kitab Sərgisində tarixçi, yazar Fərhad Mehdinin "Doğan günəşin doqquz pəncərəsi" (rus dilində) romanının təqdimatı olub. Redaktoru Marina Kapulovskaya olan əsər 2020-ci ildə “Qanun” nəşriyyatında çapdan çıxıb.

Təqdimatda Rusiya Federal Təhsil İnstitutunun direktor müavini, Moskva Dövlət Regional Universitetinin prorektoru Vitali Əliyev, sualtı arxeoloq, həm Azərbaycanda, həm də digər ölkələrdə sualtı arxeoloji ekspedisiyaların iştirakçısı, “Azərbaycan silah sənəti” kitabının müəllifi Aleksandr Volovik, teatr və kino rejissoru Namiq Ağayev çıxış edərək nəşr haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, əsər tarixi olmaqla yanaşı, insanın şəxsi həyatına da gözəl təsir bağlayır. Eramızdan öncəki Bakının bütün halı kitabda təsvir olunub.

“Günəşin doqquz pəncərəsi” əsəri baş qəhrəmanı təsadüfən müəmmalı qətlin şahidi olmuş cəsur gənc haqqında fəlsəfi-tarixi romandır. Böhtan və təqib obyektinə çevrilən gənc nəticədə doğma şəhərini tərk edir. Qəhrəman özü də istəmədən iştirakçısı olduğu sirri açmaq üçün Şərqin mədəni müxtəlifliyinin mənəvi təcrübəsini mənimsəyir və bu təcrübə düşüncəsinin reallaşmağına səbəb olur.

Müəllif Fərhad Mehdi kitabın ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkürünü bildirib.