“Narıncı bayraq” kampaniyası isə yeni başlayır...
Türkiyənin 551 çimərliyi beynəlxalq “Mavi bayraq” mükafatına layiq görülüb. Bu barədə “Mavi bayraq” beynəlxalq jürisinin 2023-cü il üçün mükafatçılar siyahısında bildirilir.
“Mavi bayraq” reytinqi hər il çimərlik mövsümü ərəfəsində mənzil-qərargahı Kopenhagendə (Danimarka) yerləşən Ekoloji Təhsil Fondu (FEE) tərəfindən elan edilir. Builki reytinqdə Türkiyə “mavi bayraq”lı çimərlik sayına görə İspaniya və Yunanıstandan sonra üçüncü yeri tutub. Dünya turizmində böyük payı olan İtaliya və Fransa bu sıralamada 4-cü və 5-ci yerdədir.
“Mavi bayraq” reytinqində ilk üçlüyə düşmək Türkiyə turizmi üçün böyük uğurdur. Bu mükafat 1987-ci ildən etibarən çimmək üçün ən təhlükəsiz və suyu ən yüksək təmizlik standartlarına uyğun gələn çimərliklərə verilir. Mükafata layiq görülən çimərliklərdə onun loqosu olan mavi bayraqlar dalğalanır. Bu, turist cəlb etmək üçün ən vacib göstəricilərdən biridir.
Türkiyədə sözügedən proqram 1993-cü ildən tətbiq edilir. Proqramda çimərliklər üçün ümumilikdə 33 meyar nəzərdə tutulub. Əsas meyarlardan biri mövsüm boyu 15 gündən bir suyun analizinin aparılması və müvafiq standartlara cavab verməsidir.
Türkiyədə “mavi bayraq” sayına görə birinci yerdə Antalyadır, bölgədə 231 çimərlik bu mükafata layiq görülüb.
***
Bu arada Türkiyənin turizm sektorunda hədsiz qida israfına qarşı da tədbirlər görülməyə başlanıb. Ölkənin hotellərində “narıncı bayraq” kampaniyası həyata keçirilir. Məqsəd “hər şey daxil” (“all inclusive”) konsepti ilə işləyən hotellərdə yemək israfını (daha dəqiqi, yeyilməyib zibilliklərə atılmasını) minimuma endirməkdir.
Hesablamalara görə, Türkiyədə ildə 10 milyon ton yeyilməmiş qida zibilliklərə atılır və bunun təxminən 40 faizi hotellərin payına düşür. Türkiyə bu israfçılıqda dünyanın öndə gedən ölkələrindən biridir. Bu eyni zamanda ekoloji baxımdan ciddi problemdir. Kampaniyada qida israfına ən az yol verən hotellərə “narıncı bayraq” təqdim olunacaq.
V.Kamal